Hürzət Təhməzli Köşə Yazıları Xəbərlər

İtirdiklərimiz

Balaca olanda həmişə bir arzum var idi: böyümək. Bəzən anamın uzun ətəklərini geyinib özümü onun kimi hiss etməyə çalışardım. Ətəyin ucu ayaqlarıma dolaşanda yıxıldığım anlar da olardı. Amma hər dəfə yenidən qalxar, qaldığım yerdən davam edərdim. Uşaq vaxtı həkim olmaq istəyirdim, həm də ürək həkimi. Çünki atamın ürəyi xəstə idi. Sonra böyüdükcə fikirlərim dəyişdi. Müəllim olmağa qərar verdim və öz yolumu cızdım.

İmkanımız o qədər də yaxşı deyildi. Sadəcə, yarı ac, yarı tox, sakit-sakit yaşayırdıq. Amma xoşbəxt idik, dinc idik.

O vaxtlar tez-tez işıqlar sönərdi, biz isə qaranlığın içində bir-birimizə daha çox yaxınlaşardıq. Şam işığında hamımız bir yerə yığışar, oyunlar oynayar, şeirlər oxuyar, nağıllar danışardıq. O anlarda evin içi həm işıqlı, həm də istilik dolu olardı.

Uşaq vaxtı yalnız bir şeydən qorxurdum. O da tozsorandan. Tozsoranı şeytan bilirdim. Onu görəndə qorxudan qışqırardım. Mən o məsum, sadəlövh, qorxaq, amma təmiz uşaq idim.

Uşaq olmaq biz böyüklərdən daha qorxmaz, daha məsum, daha mərhəmətli, daha diqqətli və daha düşüncəli olmaq deməkdir. Amma yaş artdıqca bu xüsusiyyətləri bir-bir itiririk.

Bəzən öz istəklərimiz naminə insanlara zərər veririk. Hər arzumuza çatdıqca yeniləri yaranır, istəklər böyüyür, nəfs doymaq bilmir. İtirmək qorxusu ruhu daha da alovlandırır. Bu hiss hər insanda fərqli şəkildə yaşanır. Kimi sevgiyə olan inamını itirməkdən qorxur, kimi dostluğa olan etimadını, kimi yaxınlarını, sevdiklərini, kimi isə illərlə zəhmətlə qazandığı malını-mülkünü itirməkdən…

İtirmək qorxusu hər zaman bizimlə birgə yaşayır. Böyüdükcə isə tək bir istəyimiz qalır: yenidən uşaq olmaq.

İnsan belədir… Sahib olduğu dəyərlərin qədrini, onları itirəndə anlayır. Əlimizdə o qədər çox şey var ki, amma biz onların dəyərini görmürük. Əlindəkilərin dəyərini bilən, onları duya bilən insana nə xoş!