Aktual Xəbərlər

İxtisas seçimi: Valideynlər uşaqların seçimlərinə nə qədər qarışmalıdır?

Hazırda abituriyentlər ixtisas seçimləri etməkdədir. Hər il minlərlə gənc bu vacib mərhələyə qədəm qoyur. Bu seçim yalnız təhsil yolunun başlanğıcı deyil, həm də gələcəkdəki peşə həyatını və şəxsiyyəti formalaşdıran əsas addımdır. Doğru ixtisas seçimi isə gələcəyi doğru inşa etmək deməkdir. Yeniyetmələr sadəcə ixtisas seçmir, onlar öz gələcəklərini seçir və kim olacaqlarına qərar verirlər. Övladlarının gələcəyini inşa etdikləri bu dönəmdə valideynlər də ixtisas seçimlərində yer almağa, fikirlərini bölüşməyə və onlara yol göstərməyə maraqlı olurlar.

Ancaq bəzən valideyn və abituriyentlərin seçimləri arasında fərqlər də ortaya çıxmaqdadır. Bu bəzən incikliyə yol açır, bəzən isə tərəflər ortaq yol tapa bilirlər. Bəs valideynlər ixtisas seçimlərində necə davranmalı, hansı ana qədər və nə qədər övladlarının seçimlərinə müdaxilə etməlidirlər?

“Füyuzat” mövzu ilə bağlı ilahiyyatçı-yazar Ağa Hacıbəyli ilə müsahibə hazırlayıb.
Həmin müsahibəni təqdim edirik:

– Valideynlər övladlarına hansı mərhələyə qədər istiqamət verə bilər? Hansı nöqtədə dayanmalıdır?

– Məlumdur ki, valideyn-övlad münasibətləri həmişə milli təfəkkürümüzdə qüdsi sayılıb. Valideyn-uşaq arasındakı münasibətlər daim dialoq şəklində gerçəkləşib. Bu baxımdan valideynlər övladlarına nümunə olmalı və istiqamət verməkdə bələdçi rolunu oynamalıdır. Bəs bu hansı nöqtəyə, hansı yaş mərhələsinə qədər davam etməlidir?

Sözsüz ki, uşaqlar nə qədər böyüsələr, nə qədər böyük karyera sahibi olsalar da, övlad həmişə ata və ananın gözündə uşaq kimi qalır. Bu baxış heç zaman dəyişmir. Lakin valideynlər də həyat gerçəklikləri ilə razılaşmalıdır. Bu razılaşma, əslində, valideyn-övlad arasında körpünü, münasibəti daha gözəl bir hala gətirir.

Belə ki, valideyn övladına 0–7 yaş aralığında daha çox sevgi, şəfqət və mərhəmət bəsləyərək onun ruhunu, qəlbini doyurmağa çalışmalıdır. Lakin bu mərhələdə təkcə sevgi ilə kifayətlənmək doğru olmaz – bu sevginin içində “tərbiyə” adlı bir örnək də yer almalıdır. Çünki bu yaşlarda övlad yaxşını pisdən, haqqı batildən ayırmağı valideynin davranışları və dünyagörüşü vasitəsilə dərk edir. Bu səbəbdən bu etap ata-ananı təqlid dövrü hesab olunur.

Təbii ki, 7 yaşdan sonra artıq ikinci mərhələ başlayır ki, bu mərhələ “təlim dövrü” adlanır. Söhbət övladın təqliddən təlimə doğru keçdiyi, daha ciddi bir inkişaf prosesinə başlandığı vaxtdan gedir. Təxminən 14–15 yaşa, yəni yetkinlik dövrünə qədər davam edən bu zaman kəsiyində uşağın dünyanı dərk etməsi daha fəal şəkildə baş verir. Elə həmin yaşlarda valideynlər də üçüncü mərhələyə – yeni bir fazaya keçirlər. Artıq yalnız müşahidəçi mövqeyində qalmaq yetərli deyil; övladın həyatına düzgün istiqamət verəcək faydalı məsləhətlərə də ehtiyac artır. Çünki gənclər həyat yoluna yeni qədəm qoyur və hələ təcrübəsiz, məlumatsız olduğu sahələr çoxdur. Məhz bu səbəbdən ailə hələ də onun həyatında önəmli bir fiqur olaraq qalır.

Lakin övladın peşə seçimində, həyat yolunun müəyyənləşdirilməsində, ailə qurmasında və digər önəmli qərarlarında valideynlər onların istək və arzularını gözardı etməməli, əksinə, onlara dəstək olmağa çalışmalıdır. Bu qarşılıqlı anlaşma səviyyəsində aparılan müzakirələr daha effektiv və uğurlu nəticələr verə bilər.

– Valideynin ixtisas seçimində öz istəyini övladının maraqlarını nəzərə almadan təlqin etməsi nə dərəcədə doğrudur?

– Hər bir insanın həyatında müxtəlif seçim anları olur: ixtisas seçmək, dost seçmək, həyat yoldaşı seçmək və s. Bu qərarların sırasında ixtisas seçimi xüsusi önəm daşıyır. Çünki bir çox seçimlərin təməlində məhz bu dayanır. İnsan seçdiyi ixtisasla ömrünün sonuna qədər ruzi qapısını açır. Həyat yolunu bu sahə üzərində qurur.

Valideynin ixtisas seçimi zamanı daha çox öz istəyini ön plana çəkməsi, öz bəyəndiyi peşələrə övladını yönəltməsi, zaman-zaman onu bu istiqamətə məcbur etməyə çalışması doğru yanaşma deyil. Təəssüf ki, hələ də bəzi ailələrdə bu cür məcburi hallar müşahidə olunur.

Burada ən sağlam yanaşma ixtisas seçiminin müzakirə yolu ilə, qarşılıqlı anlaşma şəklində aparılmasıdır. Valideyn və övlad bir araya gəlib, məsələyə zamanın tələbləri və gələcəyin perspektivləri baxımından yanaşmalıdır. Ola bilər ki, valideyn öz dövründəki bəzi sahələri uğurlu hesab edir və bu fikrini övladına təlqin etməyə çalışır. Amma nəzərə almaq lazımdır ki, texnologiya və cəmiyyət sürətlə inkişaf edir, yeni peşələr meydana çıxır, bir zamanlar məşhur olan sahələr bu gün öz əhəmiyyətini itirə bilər.

Bəli, bəzi peşələr var ki, onların nüfuzu zamanla itməz, amma ənənəvi yanaşma ilə hərəkət etmək indiki dövr üçün kifayət deyil. Ən əsası odur ki, ixtisas seçimi övladın daxili istəklərinə, maraq və qabiliyyətlərinə uyğun olsun. Bu onda özgüvən yaradır, ailəyə olan bağlarını möhkəmləndirir, eyni zamanda məsuliyyət hissini artırır.
Valideyn nə qədər uzaqgörən olsa da, sonda həmin yolun icaraçısı, çətinlikləri yaşayacaq şəxs övladın özüdür. Bu səbəbdən valideyn övladının seçiminə güvənməli, ona dəstək verməli, seçimində məcburedici deyil, məsləhətçi olmalıdır.

Ümid edirik ki, bu cür seçimlər ailənin məşvərəti ilə süzgəcdən keçirilərək, daha çox övladın maraqları əsas götürülən, valideynin iradəsi ilə deyil, xeyir-duası ilə dəstəklənən seçimlər olar. Çünki belə qərarlar həm daha uğurlu, həm də daha faydalı nəticələr verir.

Öz yolunu seçmək istədikdə övlad necə davranmalıdır ki, valideynlə münasibətinə xələl gəlməsin?

– Bu, çox dəyərli və düşündürücü bir sualdır. Əslində, bəzən ixtisas seçimi zamanı və ya qrup seçimi mərhələsində valideynlər övladlarının istəklərinə məhəl qoymadan, öz arzularını onlara təlqin etməyə çalışırlar. Lakin bu mövzuda diqqət göstərilməli olan əsas nöqtə övladın valideynlə necə ünsiyyət qurması, münasibəti necə tənzimləməsidir.

Hər halda, övlad daim ata-anasına hörmət göstərməlidir. Bu, valideynin övladdan gözlədiyi və istədiyi ən böyük dəyərdir. Əgər bir gənc həyatda böyük nailiyyətlər əldə etsə belə, valideyninə olan ehtiramını, sevgisini və şəfqətini itirərsə, bu, valideyn üçün həm mənəvi, həm də ruhən böyük bir sarsıntıdır.

Düşünün: əgər bir gənc öz doğma ailəsinə, ata-anasına bu cür psixoloji yük, gərginlik yaşadırsa, təbii ki, sabah cəmiyyət içində də insanlara bənzər şəkildə yanaşacaq. Biz azərbaycanlıyıq və bizim ailə modelimizdə, milli-mənəvi dəyərlərimizdə valideynə hörmətsizlik qəbuledilməz sayılır.

Bu səbəbdən, övlad ixtisas və ya həyat yolu seçmək istədikdə, valideynlə münasibətdə gərginlik yaratmamalı, məsələləri məsləhət və qarşılıqlı anlayış yolu ilə həll etməyə çalışmalıdır. Gənc insan düzgün və düşünülmüş addımlar atmalı, münasib üslubdan istifadə etməlidir.

Məsələn, gənc valideyninə belə deməlidir:

“Əziz atam, anam! Mən sizin fikirlərinizi yüksək dəyərləndirirəm. Sizin təklif etdiyiniz sahə ilə də maraqlanacağam, imkan daxilində həmin sahə üzrə kurslara qatılıb özümü sınayacağam. Amma eyni zamanda, öz istək və qabiliyyətlərimə uyğun sahədə irəliləmək istəyirəm. Sizin məsləhət və dəstəyiniz mənim üçün çox dəyərlidir”.

Valideyn övladının bu cür səmimi və hörmətli yanaşmasını görəndə, onun fikirlərinə dəyər verdiyini hiss edəndə, təbii olaraq yumşalır və münasibət daha da istiləşir. Bu, övlad üçün də, valideyn üçün də sağlam ünsiyyətin və qarşılıqlı anlayışın təməlidir.
Unutmaq olmaz ki, valideynin rizası – Allahın rizasıdır. Valideynin rizasını görməzdən gəlmək, doğru sayılmır. Bizim mədəniyyətimiz qərb mədəniyyəti kimi deyil. Elə bir yaşa çatdıqdan sonra “valideynə əlvida” demək bizim milli düşüncəmizdə yoxdur. Biz son nəfəsimizə qədər ailəvi və mənəvi birliyin içərisindəyik.

Təbii ki, bu birlikdə müdaxiləyə yol verilməməlidir. Dinimizdə – “qəlb qapısı içəridən açılır”. Xaricdən məcburən açılan istənilən qapı çat sayılır. Bu çat isə insanı gərginləşdirir. Ona görə də İslamda bu cür münasibətlər qarşılıqlı hörmət, anlayış və sərhədlərə riayət əsasında tənzimlənməlidir.

– İslamda elm və ixtisas seçiminə yanaşma necədir? İnsan öz qabiliyyətinə uyğun seçim etməlidirmi?

– İslam dini fitrət dinidir. Yəni hər bir insanı onun istedadına, fikrinə, qabiliyyətinə, dünyagörüşünə və xarakterinə görə dəyərləndirir. Buna görə də İslam dininə fitrət dini deyilir. İnsan fitrəti, yəni onun daxili dünyasında – qəlbində olan istək və meyillər dində çox dəyərli sayılır. Din şəxsiyyətə sayğı göstərir, fərdin öz seçiminə və məsuliyyətinə önəm verir.

Bu baxımdan “Qurani-Kərim”də bir çox ayədə bu məqam vurğulanır. Məsələn, Zümər surəsinin 9-cu ayəsində Uca Yaradan buyurur:

“Heç bilənlərlə bilməyənlər eyni olarmı?”

Bu ayə elmə, biliyə və bir sahədə mütəxəssis olmağa verilən önəmi ifadə edir. “Qurani-Kərim”də Rəbbimiz buyurur ki, övladlar valideynə bir əmanətdir. Bu baxımdan onlara qarşı məcburiyyət deyil, dəstək göstərilməlidir. Çünki İslam dinində məcburiyyət yoxdur. “Qurani-Kərim”də “Lə ikrəhə fid-din” (Dində məcburiyyət yoxdur) ayəsi bu prinsipi təsdiqləyir.

Amma “Qurani-Kərim” eyni zamanda valideynlərə məsuliyyət yükləyərək Təhrim surəsində belə buyurur:

“Özünüzü və ailənizi cəhənnəm odundan qoruyun”.

Bu, övladın tərbiyəsində, istiqamət verilməsində valideynin rolunu, amma bu rolun zorla deyil, hikmət və anlayışla həyata keçirilməli olduğunu göstərir.

İxtisas seçimində də bu prinsip əsas götürülməlidir. Valideynlər övladlarının haram sahələrdən uzaq durmasına diqqət yetirməli, onları halal və faydalı sahələrə yönləndirməyə çalışmalıdırlar. İslam dininə görə, günah və haram sayılan sahələrdə çalışmaq uyğun görülmür.

Peyğəmbərimiz Muhəmməd (s) 23 illik peyğəmbərlik dövründə bu məsələyə xüsusi həssaslıqla yanaşmışdır. Onun ən böyük uğur səbəblərindən biri insanları yaxşı tanıması və onların fitrətinə uyğun peşə və vəzifələrə yönləndirməsi olmuşdur. Nəticədə həmin şəxslər Peyğəmbərin (s) məsləhətlərindən istifadə edərək böyük nailiyyətlər qazanmış və ümmətə faydalı olmuşdurlar.

Məryəm Hacıyeva