“Bir çox səbəblərə görə, Qırğızıstan Rusiya Federasiyası ilə qarşılıqlı əməkdaşlıqdan imtina edə bilməz”.
“Füyuzat”ın məlumatına görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov “Kabar” dövlət xəbər agentliyinə müsahibəsində deyib.
“Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Qərb ölkələri Rusiyanı qınamaqda davam edir, buna baxmayaraq, Rusiya ilə əməkdaşlıq da edirlər. Bizim Rusiya ilə ticarət dövriyyəmiz 4 milyard dolları ötür. Neft, qaz, buğda və digər ərzaq məhsullarını Rusiyadan alırıq. Son 4 ildə Qırğızıstanın bəzi Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə ticarət dövriyyəsi 7 dəfə artıb. Biz coğrafi baxımdan da MDB ölkələri ilə yaxınıq, deyə bilərik ki, bəzi məsələlərdə bir-birimizdən asılıyıq, ona görə də onlarla əməkdaşlıqdan imtina etmək mümkün deyil. Təbii ki, biz BMT-nin üzvü kimi Rusiyaya qarşı məhdudiyyətlərə məruz qalan mallarla işləmirik, ona görə də bu məsələdə heç bir şübhə yoxdur və ola da bilməz”, – Qırğızıstan lideri bildirib.