Kağız qanadlı xatirələrdir kitablar. Hər vərəqində unudulmuş bir duyğu, hər cümləsində gizlənmiş bir hiss yatır. Oxumaq təkcə öyrənmək deyil, ruhun incə tellərinə toxunan bir zəriflikdir. Bu gün Dünya Kitab Günüdür. Amma əslində, bu gün bizim iç dünyamızla yenidən görüşümüzün bayramıdır.Bir kitabın hər sətri bəzən içimizdə elə bir iz qoyar ki, nə zamanla silinər, nə də başqa bir sözlə əvəzlənər. O sətirlər könlümüzün qaranlıqda qalan guşələrinə işıq salır, həyatımıza illərlə susmuş bir rəng qatır. Hər kitab bir yol yoldaşı, bir daxili pıçıltıdır. Uşaqlıqda əlimizə aldığımız ilk kitabın qoxusu, yuxuya getməzdən əvvəl gizlincə oxuduğumuz səhifələr, kitab arxasında gizlənən ilk təəccüb… Bütün bunlar təkcə xatirə deyil, ruhumuzun bir parçasıdır. Həmin səhifələrdə bəzən itirdiklərimizi tapdıq, bəzən də heç bilmədiyimiz özümüzlə tanış olduq.
Oxumaq – könülün pıçıltısıdır. Elə anlar olur ki, bir kitabın içində gizlənmiş fikir içimizdəki boşluğu doldurur. Bir dostun deməli olduğu, amma heç vaxt demədiyi sözlər kimi…Kitablar bizi tək buraxmazlar. Özümüzü tapmadığımız anlarda bir obrazın taleyində özümüzə rast gələrik. Oxumaq bizi böyüdər – düşüncə ilə, duyğu ilə, anlayışla. Bəzən kitablar bir insan qədər yaxın olar bizə. Bizimlə danışar, düşündürər, göz yaşına qərq edər. Kitablar bizə göstərər ki, söz təkcə ifadə vasitəsi deyil, ruhi bağlılığın və daxili azadlığın açarıdır. Onları oxuduqca daha yaxşı dinləməyi, daha dərindən hiss etməyi, daha səssiz sevməyi öyrənirik. Onlar qışın soyuğunda içimizi isitdiyimiz od, yay günündə sərinlik verən kölgə kimidir. Hər mövsümə uyğun, hər halımıza məlhəm olan bir dost.
Kitablar vaxtı dayandırmağın yeganə yoludur. Onlar bizi keçmişə qaytarar, gələcəyə aparar, bu günə fərqli bir gözlə baxmağı öyrədər. Oxuduğumuz bir səhifə illərlə bizimlə yaşar, bir cümlə bütün həyatımıza yön verər.
Oxumaq həm də unutmamaqdır – keçmişi, dəyərləri, özümüzü… Bir hekayədə nənəmizin səsini eşidə, bir şeirdə itirdiyimiz bir sevinci yenidən duya bilərik. Kitablar həm xatırladar, həm də unudulmaqdan qoruyar. Bizə aid olanı qoruyar, sevdiyimizi yaşadar.
Bu gün isə onlara təşəkkür etmək günüdür. Hər birimizi fərqli yerlərə aparan, fərqli duyğulara toxunan o kitablara – kağız qanadlı xatirələrimizə… Onlar bizə unutduğumuz bir şeyi xatırladır: oxumaq yaşamağın başqa bir yoludur.
Bəzən bir kitab içində gizlətdiyi bir cümlə ilə illərlə axtardığımız cavabı tapırıq. Bəzən də o cavablar bizə öz səsimizi qaytarır. Və biz anlayırıq – hər oxuduğumuz kitabda bir az daha özümüz oluruq, bir az daha insan…