Xəbərlər

Kallas təyyarə qəzası ilə bağlı ölkəmizə başsağlığı verib

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə o, “X”də yazıb.

Ali nümayəndə hadisə ilə əlaqədar beynəlxalq araşdırmanın aparılması istiqamətində çağırış edib.

“Hadisəni təcili və müstəqil şəkildə beynəlxalq müstəvidə araşdırmağa çağırıram. Fikirlərimiz həlak olanların ailələri və yaxınları ilədir. Xəsarət alanlara şəfa diləyirəm”, – K.Kallas qeyd edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.