Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”nin qalibi olan “Kapitan və Xəzər dənizi” qısametrajlı tarixi-sənədli filminin premyerası baş tutacaq.
“Füyuzat”ın məlumatına görə, film Rental Azərbaycan MMC tərəfindən istehsal olunub. Filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri isə Emil Nəcəfovdur. Animasiya hissəsi Harmony of Chaos studiyasında hazırlanıb.
Animasiya ilə arxiv materiallarının hibrid işlənməsi formasında ərsəyə gələn film 1990-cı ilin 20 yanvar gecəsi baş verən ümumxalq faciəsinə həsr olunub. Film Xəzər Dəniz Neft Donanmasının kapitanlarının, eləcə də həmin tarixi hadisələri həyatlarını riskə ataraq lentə alan jurnalist və operatorların göstərdiyi qəhrəmanlıq, peşəkarlıq və vətəndaşlıq mövqeyindən bəhs edir.
Tarixi faktlara əsaslanan ekran işi yaddaşın qorunması və həmin gecə baş verənlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq platformalarda da təqdim olunan film Krakov Film Festivalının marketində, həmçinin Beldocs Pitching Forum və Balkan Watchers proqramlarında iştirak edib. Layihəyə eyni zamanda Current Time TV, İctimai TV və Azərbaycan Kinematoqrafçılar İttifaqı dəstək göstərib.



