Günel Natiqqızı Köşə Yazıları

Keçmişin qoxusu

Bəzən həyat təbiətin duyğu dolu möcüzəsinə – dənizə bənzəyir. Onun azad ruhlu, çılğın, bir o qədər də kövrək dalğaları hərdən bir limana sığınmağa ehtiyac duyur. O limana sığınmaq üçün isə güvən axtarır. Bəs harada gizlənir bu güvən? Sözlərdəmi, səslərdəmi? Bəlkə də, qorxunu dəf edən qoxuda gizlənir…

Hələ dünyaya göz açdığımız ilk andan etibarən tanış oluruq bu qoxu ilə. Körpə doğular-doğulmaz anasının qoxusunu qəlbi ilə, ruhu ilə tanıyır. Elə bu səbəbdəndir ki, yeddi aylıq körpələr qorxu ifadəsi olan simalara baxarkən belə, ananın tanış qoxusu onların beynində qorxu reaksiyasını azaldır. Bu qoxu onun üçün dünyadakı ilk evinin, ilk təhlükəsizliyin və ilk məhəbbətin səssiz nəğməsinə çevrilir. Və həmin andan etibarən qoxular həyatımıza toxunur. Onlar bizi nostalji hisslərlə keçmişə aparır, ümidlə gələcəyə bağlayır. Keçmişin ətri ilə ötən günlər canlanır beyinimizdə. Bir evin balaca bacasından süzülən sadə, sehirli qoxularla – anamızın yeməklərinin ətri ilə xoşbəxt olduğumuz zamana geri dönürük. Uşaq gülüşlərinin havaya qarışdığı günlərə – bəzən yaşıl budaqlı ağacların, bəzən qızılgüllərin, bəzənsə nərgizlərin qoxusu ilə üzümüzdə güllər açan günlərə qayıdırıq.

Vaxt keçir, zaman dəyişir. Yollar ayrılır, ümidlər başqa üfüqlərə yönəlir. Başqa bir dünyanı kəşf etmək üçün vərəqlədiyimiz kitabların qoxusu yenə də rahatlıq gətirir ruhumuza. Onlar bizi bir zamanlar olduğumuz yerdə saxlayır – uşaq kimi saf, yeniyetmə kimi xəyallarla dolu.

Bir gün itirmək qorxusu ilə üz-üzə qalanda, həmin qoxuların varlığını daha çox arzulayırıq. Onlar bizə həm yaşadığımız anı xatırladır, həm də itirdiklərimizi…

Zaman bizə deyir: “Artıq keçmişin qoxusunu yalnız xatirələrdə hiss edəcəksən”. Elə bu an təbiət öz sehrli gücü ilə bizi bir daha oyadır. Başqa bir möcüzəli qoxunu xatırladır. Bir vaxtlar yağışdan sonra sadəcə hüzur verən torpaq qoxusu itirdiklərimizin, keçmişimizin qoxusunun bizimlə birgə qəlbimizdə var olacağını hiss etdirir.

Sanki ruhumuza pıçıldayır: “Qorxma, yanındayam. Sən evindəsən”.