Avqustun 31-i saat 12:00-da Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunda Əməkdar jurnalist Firuzə Nadirin müəllifliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırlanmış “Bal kimi süfrə” sənədli filminin təqdimatı baş tutub.
“Füyuzat”ın məlumatına görə, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi tərəfindən hazırlanan film işgaldan azad edilmiş rayonlarımızdan biri olan Kəlbəcərə həsr edilib.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, Əməkdar jurnalist Yunis Orucov, filologiya elmləri üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı, müəllif-jurnalistin sənəd dostları və izləyicilər iştirak edib.
Tədbiri açılış sözü ilə açıq elan edən Firuzə Nadir filmin ərsəyə gəlməsindən, ideayasından və məqsədindən danışıb. Müəllif Kəlbəcərdə gördükləri, film zamanı yaşadıqları maraqlı hadisələri dinləyicilərlə bölüşüb. Filmin ərsəyə gəlməsinə dəstək olmuş qurumlara, şəxslərə təşəkkür edərək, izləyiciləri filmin nümayişinə dəvət edib.
Filmin nümayişindən sonra Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov tədbir iştiraçkılarını salamlayıb, filmin məqsəd və əhəmiyyətindən danışıb. Filmi ərsəyə gətirənlərə təşəkkür edərək, Kəlbəcərin Azərbaycan üçün əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Əməkdar jurnalist Yunis Orucov filmin ərsəyə gəlməsində sərf etdiyi əməyə görə Firuzə Nadirə təşəkkür edib, işğaldan sonrakı dövrdə Qarabağda görülən mədəni işlərdən bəhs edib.
Tədbirdə söz alan filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı doğulub boya-başa çatdığı Kəlbəcər xatirələrini bölüşüb, filmin əhəmiyyətini qeyd edib. Görülən işlərdə əməyi olan hər kəsə təşəkkür edib.
Azərbaycan Savat Federasiyasının prezidenti, əməkdar məşqçi Rafiq Əliyev söz alaraq filmin Vətəndən uzaq düşən insanların ürək ağrısına bir məlhəm olduğunu vurğulayıb, müəllifə uğurlar diləyib, izləyiciləri Vətənin hər qarışına dəyər verməyə səsləyib.
Sonda çıxış edən MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov bütün qonaqları salamlayıb, tədbirdə iştirak edən hər kəsə filmin önəmindən bəhs edib. Vətən mövzularının, Vətən həsrəti və xalqımızın adət, ənənələri ilə bağlı filmlərin əhəmiyyətini vurğulayaraq belə filmlərin sayının daha da artmasına ümid etdiyini əlavə edib.
Bununla tədbirin rəsmi hissəsi bitib. Tədbir qeyri-rəsmi hissə ilə davam edib.