Ədəbiyyat

Kəpənək effekti

İnsan özündən böyük və ağır qanadlar daşıyan kəpənək kimidir. Hər ikisi yük daşıyır: İNSAN da, kəpənək də. Biri tale yükünü, o biri qanad yükünü. Kəpənəyin yükü kamil Rəssamın bu kiçicik varlığa bəxş etdiyi mükafatdır – naxışların heyrətamiz harmoniyası və gözlənilməz rəng qovuşmaları ilə qəlbləri lətif gözəlliyə kökləyən mükafat. Bu, kəpənəyin şahanə yaraşığıdır. Belə yaraşıq tək kəpənək üçün deyil, bütün aləm üçün yaradılmış gözəllikdir. İnsan görünən gözəlliyi qəlbiylə anlamağa başlayanda ruhu ehtizaza gəlir, könlünün telləri titrəyir, şeir, musiqi, hətta fəlsəfi etüdlər yazmağa ilhamlanır. Kəpənək qanadlarını itirərsə, özünü itirmiş olar – cılızlaşar, simasını itirib eybəcərləşər, yenidən tırtıla çevrilər. Ağır, amma ağır olduğu qədər də gözəl qanadlar daşıdığına görə insanlar onu adında da özü kimi zəriflik, yüngüllük və pərvazlanmaq keyfiyyəti duyulan “kəpənək” adlandırıb. Qüdrətli Yaradanın iradəsi ilə bu kiçik canlıda kainatın heyrətamiz və ağlagəlməz rəng çalarlarının nəqş olunduğu qanadların olmasında həm kəpənəyin özünə, həm də onu görənlərə bir lütf var. Çəlimsiz cücü gözəl görünmək və özünü qorumaq üçün həyatı boyu öz yükü ilə – qanad yükü ilə yaşayır. Amma bu ona yük yox, taleyin bəxşişi kimi görünür. Belə olmasaydı, kəpənək gün ərzində güldən çiçəyə, çiçəkdən otlara pərvazlanmazdı, birdəfəlik özünü qanqala çırparaq yükün əsarətindən qurtulardı.

İnsan da özündən daha ağır olan həyat yükü çəkir. Yük onu daxilən əzirsə də, alçaltmır, əksinə, cilalayır, təkəbbürünü sındırır, nəfsini arıdır, onu insaniyyət mərtəbələrində yüksəldir. İNSANın daxili dinamikası, ruhunun gücü, istedadı, yaradıcılıq və sevgi potensialı bütün kainatda özünə heyranlıq yaradır. Əməksevərlik, dözüm, iman, səbir və mərhəmət insanın qanadlarıdır. Onların köməkliyi ilə o, qarşısına çıxan çətinlikləri dəf edə bilir, səbir etməyi bacarır, şükürlü olur, mərhəmətini azaltmır. Nə qədər ki qanadları insanladır, o, gözəldir – qarşısına çıxan sədləri aşa bilmək qüdrətinə malikdir. Belə qüdrətdir nəfsin tələlərinə düşməkdən onu qoruyan, düşəndə əlindən tutub çıxaran. Hər dəfə yeni maneəni dəf edəndə, hər dəfə növbəti sınağa sinə gərib möhtəşəmlik dərsini ləyaqət və şükürlə keçəndə qanadlarına yeni-yeni naxışlar salınır: İNSANın bütün varlığını və mahiyyətini gözəlləşdirən naxışlar…

Ey insan, çətinliklər səndə ruh düşkünlüyü yaradanda, gücünün tükəndiyini güman edəndə ağ akasiya çiçəklərində rahatlanan, bənövşənin zərif ləçəyində xumarlanan qeyri-adi gözəl əlvan qanadlı kəpənəyə bax, onun cazibəsinə dal, cılız gövdəsinə gözəllik və qüruru verən qanadlarını müşahidə et. Belə qürur – kiçiyin böyüklük iddiasından yaranan təkəbbür deyil. Belə qürur – böyüyün qüdrətinin dərkindən yaranan fəxarətdir. Kəpənəyin məftunedici qanadları xəfif mehin təsirindən tərpəndikcə və sənin qəlbinin ülvi hissləri onlarla eyni ahəngdə titrədikcə (əlvan qanadlı kəpənəyi müşahidə edən hər insan onun zərifliyinə köklənir) ruhunun dərinliklərində Allahın uca və sonsuz sevgisinə daha bir yeni sevgi çaları qatılacaq və həmin an Onun şəninə tərif demək ehtiyacı varlığına hakim kəsiləcək. Qəlbinin sevgi şüaları kainata yayılacaq – torpağa, daşlara, bitkilərə, səmaya, insanlara… Bir kövrək şüa da əlvan qanadlara ehmalca toxunacaq, onları sığallayacaq. Əzizlənən qanadlar isti toxunuşa cavab olaraq yumulub açılacaq və o anda zəif bir pıçıltı eşidəcəksən: “Bizim gözəlliyimiz qanadlarımızdadır”.

İnsan da təbiət kimidir: o da iri qanadlar daşıyan kəpənək həyatı yaşayır. Hər ikisi yük daşıyır. Hər ikisini daşıdığı yük gözəlləşdirir. Hər ikisinin gözəlliyində Kamilliyin naxışları var. Hər ikisinin… Hər…

Mətanət Abdullayeva