Müsahibə Xəbərlər

Kitab insana nə qazandırır? Əsəd Aslanoğlu ilə müsahibə

Kitabın taleyi, oxucunun zövqü, naşirin bu işdə rolu və mütaliənin önəmi… Bu mövzular hər dövrdə aktuallığını qoruyur. “Füyuzat” televiziyasının efirində yayımlanan “Kitab adam” verilişində aparıcı Ürfan Məmmədlinin qonağı olan “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu ilə söhbət məhz bu suallar ətrafında cərəyan edir. Biz həmin dərin, bəzən fəlsəfi, bəzən isə aktual və praktik fikir mübadiləsini yazılı müsahibə şəklinə salaraq oxuculara təqdim edirik. Söhbət həm nəşriyyat dünyasının görünməyən tərəflərinə işıq tutur, həm də kitabla dostluğun, əslində, nə demək olduğu haqqında bizi yenidən düşündürür.

“Kitab adam” rubrikasında müsahibimiz MİMTA Yayımlarının direktoru, naşir Əsəd Aslanoğludur. Əsəd bəy, kitabın dostu olmaq çoxmu çətindir?

     – Ümumiyyətlə, dostluq çətin və məsuliyyətli məsələdir. Qaldı ki, kitabla dostluğa, bu dostluğun nə olduğunu bilənlər həyatın sıxıcı reallığından özlərinə sakit bir sığınacaq yeri tapmağı bacarıblar. Kitab, xüsusən ədəbiyyat bilgi ilə duyğunun ortaq yaradıcılıq məhsuludur. O adamlar kitabla dost ola bilirlər ki, onlar həm duyğunun, həm bilginin ifadəsinə, bir vəhdətdə gözəlliklər yarada biləcəyinə inanırlar. Bu istər naşir ola bilər, istər yazıçı, istərsə də oxucu. İnsan gərək öncə dostunu yaxşı tanısın. Kitabla dost olmaq üçün kitabı bir məfhum olaraq dərk etmək lazımdı. O sadəcə bir nəsnə deyil. XX əsrin böyük alman filosofu Martin Heydegger əsas fəlsəfi əsəri sayılan “Varlıq və zaman”da deyir ki, insanın özünü canlı, qalan hər şeyi nəsnə kimi görməsi çox böyük xətadır. Bu baxış nəsnə kimi görülən hər şeyə etiket qiyməti vurur, onu ruhsuzlaşdırır, adiləşdirir. Bizim mənəvi mədəniyyətimizdə əşyaya canlı münasibəti göstərlib. Bir şeirdə deyildiyi kimi: “Bir şair gördüm: Zanbaq çiçəyinə “siz” deyirdi”. Kitab, yazı olmasaydı, nə tarix olardı, nə keçmişdəkilərin təcrübəsi. Kitab etiket qiyməti vurulan nəsnə deyil, o, bilgi və duyğu daşıyıcısıdır. İnsan bunu dərk etmək üçün hər şeydən əvvəl kitabın mənəvi anlamını idrak etməlidir. Yalnız onda kitabın dostu ola bilər, özü də zamanla kitab kimi ülviləşər.

     – Kitab adına yola çıxan naşir nələri oxuculara rəva bilməməlidir?

     – Naşir özü oxucudan daha geniş kitabçılıq anlayışına, mütaliə mədəniyyətinə malik olmalıdır ki, oxucuya düzgün istiqamət verə bilsin. Bir oxucu öncə “niyə oxuduğunu” bilməlidir, hədəfini təyin etməyi bacarmalıdır. Ondan sonra “nəyi oxuyacağını” və “necə oxumalı olduğunu” öyrənməlidir. Bizdə, təəssüf ki, çox vaxt bu xronologiyanın yeri qarışıq düşür. Kitab düşüncənin xammalı, bazasıdır. Siz düşüncənizi nə ilə qidalandırsanız, qərarlarınızda, həyata baxışınızda da o görünəcək. İstər elmi-metodiki, istər elmi-kütləvi, istərsə də bədii olsun, mütaliədə istiqamət düzgün təyin olunmasa, oxuduğunuzdan sizdə faydalı bir şey qalmaz. Kitabın xilasedici, islahedici qüvvəsinə inanaraq mütaliəyə sarılmaq lazımdır. İslahedici bilgi başqalarını da işığa qovuşdurar. O mənada sualınızın qısa cavabı olaraq deyə bilərəm ki, naşir özünə rəva bilmədiyini oxucuya da rəva görməməlidir.

     Günümüzdə ən böyük təhlükə yanlış hədəfli informasiyadan doğur. Kitab da informasiya daşıyıcısı olduğu üçün ondan bu yolda sui-istifadə edilə bilir. Naşir diqqətli olmalıdır ki, nəşr etdiyi kitab cəmiyyəti uçuruma sürükləməsin. Əksinə, onun kültürünə, əxlaqına, şəxsiyyətinin təkmilləşməsinə təkan versin.

     – MİMTA Yayımlarını digər nəşriyyatlardan fərqli edən nədir?

     – Fərqlilik həmişə yenilik demək deyil. Bəzən unudulan, gözardı edilən dəyərləri yenidən yaşatmaq cəhdi də fərqlilik yaradır. Şablon səslənməsin, biz həmişə deyirik ki, öz övladımıza rəva bildiyimiz kitabları bu millətin övladlarına təqdim edirik. MİMTA Yayımları qısa müddətdə Azərbaycan nəşriyyat sektorunda öz yolunu təyin etməyi bacarıb. Oxucu auditoriyamız kitabın istər üz qabığı dizaynından, istərsə də mövzu və məzmunundan onun MİMTA nəşri olduğunu asanlıqla təyin edə bilir. Müəlliflərə gəldikdə bu fərq daha bariz seçilir. MİMTA öz yazarlarının əsərlərini sadəcə nəşrə hazırlayıb çap etmir, həmçinin ölkənin əksər kitab satışı nöqtələrində yayımını həyata keçirir, üstəlik təmənnasız şəkildə əsərə aid hüquqlarını beynəlxalq sərgilərdə təmsil və təbliğ edir. Ən əsası isə MİMTA Fondunun tərcümə dəstək proqramı əsasında hər il seçilən kitabların xaricdə tərcüməsinə müəyyən vəsait ayırır. Bu, çox mühüm məsələdir. Çünki inkişaf etmiş və ya etməkdə olan bütün ölkələrin tərcümə dəstəyi proqramı var. Türkiyədə TEDA proqramı bu baxımdan çox uğurludur və bizim ölkə üçün ideal modeldir. Dəfələrlə aidiyyatı qurumlara bu məsələnin zərurətini çatdırsaq da, təssüf ki, hələ konkret bir nəticə yoxdur. Ümid edirəm, yaxında bizim də ölkədə belə bir tərcümə dəstəyi proqramı yaradılar və yazıçılarımız, ədəbiyyatımız dünyada daha geniş oxucu auditoriyasına çatar.

     – Hazırda nəşriyyat sektorunda və oxucu bazarında böyük dəyişikliklər yaşanır. Dövr rəqəmsallaşma, sosial media, oxucu vərdişlərinin dəyişməsi dövrüdür. Bəs bu dəyişikliklərə necə uyğunlaşa bilirsiniz?

     – Son illər bütün sahələrdə olduğu kimi, kitabçılıq sahəsində də texnoloji yenilikləri, elektron və audiokitabların, xüsusən süni intellektin yaratdığı hərəkətliliyi inkar etmək olmaz. Hər şeydən öncə istənilən yenilik faydalılıq yönündən araşdırılmalı, müsbət tərəfləri qəbul edilməlidir… Məsələ orasındadır ki, bizdə oxucu aktivliyi, mütaliə davamlılığı heç də ürəkaçan deyil. Müqayisə üçün deyim ki, Türkiyədə adambaşına oxucuya düşən illik kitab sayı təxminən 4­-5 ədəddir. Avropanın inkişaf etmiş ölkələrində bu rəqəm 7-8 kitab təşkil edir. Demək istərdim, Azərbaycanda adambaşına ildə bir kitab düşür, amma əfsus ki, bu qədər də deyil. Statistika nə qədər dəqiqdir, orası da mübahisəyə açıqdır. Amma həqiqət budur ki, ölkədə əhalinin mütləq əksəriyyəti kitab oxuyacaq qədər təhsilli olsa da, kitab oxuyan həddən artıq azdır. Bunun üçün kitaba yüksək səviyyədə vəsait ayrılmalı, praktik layihələr həyata keçirilməli, kitabı oxucuya sevdirmək üçün hər vasitədən istifadə edilməlidir. Belə bir fikir var ki, süni intellekt tərcüməçiləri, redaktorları, korrektorları işsiz qoyacaq. Mən elə düşünmürəm. Nəzərə alsaq ki, süni intellekt internet bazadan istifadə edir və Azərbaycan dilindəki materiallar internet resurslarında qənaətbəxş səviyyədə deyil, demək, süni intellektin kitabçılığa aid imkanları hələ yaxın illərdə tam işəyarayan olmayacaq. Təbii ki, işə sürət qatmaq baxımından çox faydalıdır. Amma düşünürəm ki, xüsusən redaktor işinin nə dərəcədə əhəmiyyətli olduğu daha bariz görünəcək. Çünki süni intellektin yaradıcılıq qabiliyyəti modern kopyaçılıqdan ibarətdir. Yazıçı, redaktor isə ortaya orijinal yanaşma qoya bilir. Redaktor nəşriyyatın əsas aparıcı qüvvəsini təşkil edir. Xarici nəşriyyatların təcrübəsində bunu aşkar görürük. Təəssüf ki, bizdə hələ redaktorluq məktəbi formalaşmayıb. Bunu ən çox naşirlər, müəlliflər və tərcüməçilər  qəbul etməlidirlər.

     – Bir kitabın seçimində öncəliyiniz nədir? O kitabda hansı özəlliklər olmalıdır?

     – İstənilən kitab insana bir şey qatmalıdır. İnsan düşüncədən ibarətdir… Düşünmədən oxumaq, öyrənmək boş yerə çəkilən zəhmətdir… MİMTA-nın seçimindəki öncəlik devizində açıq ifadə olunub: “Oxu – oxuduğun ayağını yerə, başını yüksəkliyə, qəlbini ülviyyətə bağlasın”. Yəni, oxuduğun təvazökarlığını məhv etməsin, şəxsiyyətini kamilliyə doğru ucaltsın, qəlbini ülvi dəyərlərdən uzaq salmasın. Kitablarımızda milli, mədəni və mənəvi dəyərlərimizə zərrə qədər ziddiyyət təşkil edən bir cümlə görə bilməzsiniz. Dəfələrlə olub ki, yüksək satış imkanı olan kitabdan içərisindəki hansısa məsələyə görə imtina etmişik. Ümumiyyətlə, insanda imtina əxlaqı çox önəmlidir. Günümüzdə müasir insana  hər şey təklif olunur. İmtina əzmi olan insan öz ölçülərini təyin edə bilən azad insandır. Çoxluq normativ sayıla bilməz. Axara düşənlərin öz dəyərləri olmur. Axarla ancaq ölü balıqlar üzür.

     – Hazırlıqlı oxucu naşirə necə kömək ola bilər?

     – Hazırlıqlı oxucu mütaliə vərdişi, bazası və zövqü olan oxucu deməkdir. O, müxtəlif ölkələrin yazıçılarını fərqli dillərdən oxuyur və nəşriyyata tövsiyə verir. Hansı nəşriyyatın belə oxucuları varsa, onu təbrik etmək olar. Düzdür, oxucunun tövsiyəsi nəşriyyatın prinsiplərinə uyğun gəlməyə də bilər. Hər halda tövsiyələr və hətta tənqidi fikirlər nəşriyyat üçün fərqli baxış prizması deməkdir və bu, çox vacibdir.

     – Bəs ideal oxucu anlayışı sizin üçün nə deməkdir?

     – Hər kəsin bir həyat hekayəsi var. Fransız yazıçı Rene Çar deyirdi: “İçinizdə danışılmamış bir hekayəni daşımaqdan daha böyük bir əzab yoxdur”. Yazıçı həyat hekayələri yaradan, oxucu isə onlar arasında öz hekayəsinin bənzərini axtarandır. Söhbət, təbii ki, bədii ədəbiyyatdan gedir. Məncə, ideal oxucu gözəl də yaza bilər. Böyük yazıçıların çoxunun yüksək səviyyədə mütaliəsi olub. Baza istedadla birləşəndə ortaya gözəl əsərlər çıxa bilir. Yaxşı oxucu həm də oxuduğunu paylaşandır. Sübut olunub ki, paylaşmaq yaddaş üçün əvəzsiz təsir göstərir. Buna Feyman texnikası deyirlər. Oxuduğunu başqasına anladan sanki yenidən oxuyur. Hətta mütaliədə diqqətindən yayınan yerlər anladarkən ona yenidən açılır.

     – Naşirin oxucudan küsmək kimi bir lüksü yoxdur. Bəs oxucu naşirdən, nəşriyyatdan nə zaman küsə bilər?

     – Naşirin oxucudan, yaxud yazardan, həmçinin yazarın naşirdən və oxucudan küsməsi üçün tutarlı səbəbi olmalıdır. Hüquqlar, təyinatlar yaxşı bilinəndə kimsə kimsədən küsmür. Oxucu nəşriyyatın nəfəsidir, nəşriyyat oxucunun gözləntisini doğrultmalı, onu mütəmadi olaraq keyfiyyətli nəşrlərlə təmin etməli, yeri gəldikcə oxucu ilə yazarı görüşdürməlidir. Eyni zamanda kitabın dil, tərtibat xüsusiyyətlərinə diqqət göstərməli, onu oxucu üçün əlçatan etməlidir. Bunlar olmadıqda, təbii ki, oxucu nəşriyyatdan uzaqlaşa bilər.

     – Kitabsız cəmiyyət, kitabsız toplum hansı təhlükələrlə üz-üzədir?

     – “Kitabsız” sözü bizim cəmiyyətdə ən ağır ifadələrdən biridir. Birinə “kitabsız” deyəndə onun insani, mənəvi, vicdani dəyərlərdən nə qədər uzaq düşdüyünü nəzərdə tutursunuz. Demək, kitab cild arasındakı vərəqlərdən daha ülvi anlam daşıyır. “Mürəkkəbin axmadığı yerdə qan axar” deyiblər. Yazan və oxuyan cəmiyyətin inkişafı labüddür. Amma oxumaqla bərabər nə oxumaq da bu məsələdə mühümdür. Biz qərbin diktəsi ilə insanı quru məntiqdən ibarət sandıq. Halbuki insan ağıl və qəlbdən ibarət vəhdət halında bir varlıqdır. Siz ona yalnız ağlına xitab edən mətnlər oxutsanız, məntiqi olan, amma vicdandan məhrum insanlar yetişdirərsiniz. Qəlbini, mənəviyyatını inkar edən insana hansı kitabı oxutsanız, bir faydası olmaz. O səbəbdən ağlınızla bərabər qəlbinizi, ruhunuzu da qidalandıran kitablar oxumalısınız ki, şəxsiyyətininiz tamlaşa və kamilləşə bilsin.