Xəbərlər

KİV: BƏƏ Prezidenti Moskvaya gəlib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhya Rusiya Prezidenti Vladimir Putinlə iki günlük danışıqlar aparmaq üçün Moskvaya gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Əmirliyin WAM xəbər agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Məhəmməd bin Zayed Əl Nəhyanın təyyarəsi artıq Vnukovo hava limanına enib. BƏƏ Prezidentini Rusiyaya səfəri zamanı ölkənin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan, Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli bin Həməd əl-Şəmsi, sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd əl-Caber, xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd əl-Zeyoudi müşayiət edəcək.

Oktyabrın 20-də Rusiya və BƏƏ liderləri qeyri-rəsmi şəraitdə danışacaqlar. Danışıqların rəsmi hissəsi bazar ertəsinə təyin edilib. Prezidentlərin Moskva ilə Əbu-Dabi arasında münasibətləri, həmçinin beynəlxalq gündəmdəki əsas məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Yaxın günlərdə prezidentlər arasında ünsiyyət ikitərəfli danışıqlarla məhdudlaşmayacaq. Çərşənbə axşamı Kazanda BRİCS sammiti başlayır. BƏƏ yanvarın 1-də assosiasiyaya qoşulub. Rusiya paytaxtında aparılan danışıqlardan sonra Şeyx Məhəmməd Tatarıstana gedəcək və sammitdə iştirak edəcək.