Xəbərlər

KİV: Britaniya Müdafiə Nazirliyinə məxsus sistem sındırılıb

İngiltərə mətbuatı İngiltərə Müdafiə Nazirliyinə məxsus sistemin kiberhücuma məruz qaldığını yazıb. Britaniya mətbuatında yer alan xəbərlərə görə, haker hücumu nəticəsində hərbçilərin şəxsi məlumatları ilə bağlı əhəmiyyətli məlumat pozuntusu baş verib.

“Füyuzat”ın məlumatına görə, silahlı qüvvələrin bəzi hazırkı və keçmiş üzvlərinin adlarını və bank məlumatlarını əks etdirən əmək haqqı sisteminə icazəsiz giriş əldə edilib və məlumatlar götürülüb.

Hadisədən sonra Müdafiə Nazirliyi dərhal tədbir görüb və sistem deaktiv edilib. Əldə edilən məlumatların nə üçün istifadə oluna biləcəyi məlum deyil.

Britaniya hökuməti hücumun arxasında kimin olduğunu açıqlamayıb.

Bu arada, Böyük Britaniya parlamentariləri Müdafiə Nazirliyinə aid olan və xidmət personalını hədəf alan sözügedən məlumat pozuntusu barədə məlumatlandırılacaqlar.

Britaniyanın “Sky News” televiziyası kiberhücumun arxasında Çinin olduğunu iddia edib.

Baş nazirin müavini Oliver Dowden martın 25-də parlamentdəki çıxışında həm Böyük Britaniyanın seçkilərin monitorinqi agentliyinə, həm də deputatlara qarşı iki ayrı zərərli kiberhücumun arxasında Çin dövlətinə bağlı aktyorların dayandığını bildirib.