Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra ilk dəfə aprelin 22-də İraqa səfər etməyi planlaşdırır.
“Füyuzat”ın məlumatına görə, bu barədə “A Haber” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, Bağdada səfərə son bir neçə həftə ərzində fəal şəkildə hazırlıq gedir. Ərdoğanın İraqdakı danışıqları zamanı terrorizmlə mübarizə sahəsində də daxil olmaqla bir sıra saziş və memorandumların imzalanması planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl Ankaradan yayda Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK-ya qarşı yeni hərbi əməliyyat keçirə biləcəyi ilə bağlı fikirlər səslənib. Türkiyə bu əməliyyatın maraqlarına uyğun olaraq, birgə fəaliyyət məsələlərində İraq hakimiyyətinin dəstəyini almağa çalışır.
Telekanalın xəbərinə görə, aprelin 24-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ankaraya gəlməyi planlaşdırır. Bu, Almaniya rəhbərliyinin son 10 ildə prezidentlər səviyyəsində ilk səfəri olacaq. Danışıqların gündəliyinə Avropaya inteqrasiya, təhlükəsizlik, ticarət-iqtisadi əməkdaşlıq məsələləri daxil olacaq. Eyni zamanda, “Eurofighter” qırıcılarının Türkiyəyə satılması məsələsi də həll olunmamış qalır. Almaniya bu konsorsiumun iştirakçısı kimi hələlik bu sövdələşməyə razılıq verməyib.
Ərdoğanın may ayında ABŞ-a səfəri, mayın 9-da isə Amerika lideri Co Baydenlə görüşü planlaşdırılır. May ayında həmçinin Misir prezidenti Əbdülfəttah əs-Sisi və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edəcək.