Xəbərlər

KİV: Fələstin İsrailin Rəfah keçid məntəqəsinin açılması təklifini rədd edib

“Fələstin Milli Administrasiyası İsrailin Misir-Qəzza sərhədindəki Rəfah keçidini mülki nəzarət altında açmaq təklifini rədd edib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə mənbələrinə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb.

“İsrail Fələstin təhlükəsizlik xidmətləri ilə əlaqəsi olmayan mülki şəxslərin nəzarəti altında Rəfah keçid məntəqəsinin açılmasını təklif edib”, – telekanalın adının açıqlanmayan həmsöhbəti deyir.

Onun sözlərinə görə, İsrail həm də təhlükəsizlik qüvvələrinin bu keçid məntəqəsinə və Qəzza zolağının Misirlə sərhədindəki Filadelfiya dəhlizinə yaxın olmasında israr edir, insanların və yüklərin yoxlanılmasında iştirak etmək istəyir.

Bundan başqa, İsrailin təklifinə sərhəddə və Rəfah keçid məntəqəsində Fələstin bayrağının qaldırılmasına qadağa da daxildir. “Sky News Arabia” mənbəsinin məlumatına görə, Fələstin Milli Administrasiyası bu təklifi rədd edib və İsrail qüvvələrinin məntəqəni tərk etməsini tələb edib.