Xəbərlər

KİV: İran səfirliyinə hücum Yaxın Şərqdəki böhranda dönüş nöqtəsi ola bilər

“İsrailin İranın Dəməşqdəki səfirliyinə raket hücumu Yaxın Şərqdəki vəziyyət üçün dönüş nöqtəsidir. Həmçinin regionda münaqişənin daha da genişlənməsinə səbəb ola bilər və bu, genişmiqyaslı müharibəyə çevrilə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Foreign Policy” jurnalı ekspertlərə istinadən yazıb.

“Diplomatik institutlara dövlətin qorunan suveren məkanı kimi baxılır. Diplomatik missiyaya hücum ölkənin özünə hücuma bərabərdir. Bu zərbəni Yaxın Şərqdəki vəziyyətdə potensial dönüş nöqtəsi edən də budur”, – nəşr Los-Ancelesdəki Kaliforniya Universitetinin Yaxın Şərq üzrə eksperti Dalia Dassa Kayenin sözlərini sitat gətirib.

Vaşinqtonun Yaxın Şərq İnstitutunun araşdırma mərkəzinin əməkdaşı Çarlz Listerin fikrincə, İranın sərt cavabı qaçılmazdır, lakin bunun hansı formada olacağı hələ bəlli deyil.

Nəşrin yazdığına görə, İran rəhbərliyi Suriya və İraqdakı paramilitar qüvvələrə Amerika hərbçilərinə və bu ölkələrdəki ABŞ hərbi obyektlərinə hücumları bərpa etmək üçün yaşıl işıq yandıra bilər.

Qeyd edək ki, jurnal İranın cavabının İsrail və Tehran tərəfindən dəstəklənən Livanın Hizbullah təşkilatı arasında tammiqyaslı müharibəyə çevriləcəyi ehtimalını qeyd edib və bunu hadisələrin ən pis inkişaf ssenarisi adlandırıb.