Xəbərlər

Kiyevdə Azərbaycan-Ukrayna dostluq xiyabanı salınıb

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanla bağlı dostluq xiyabanı salınıb.

“Füyuzat”ın məlumatına görə, “Azərbaycan-Ukrayna” dostluq xiyabanının salınması ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub.

Azərbaycanın Ukraynadakı səfirliyi və Kiyev şəhər Administrasiyasının təşkilatçılığı ilə “Natalka” parkında keçirilən ağacəkmə aksiyasında Ukrayna Ali Radasının Ətraf mühit siyasəti və təbiətin idarə edilməsi komitəsinin sədri Oleq Bondarenko, Kiyev şəhər merinin müavini Petro Panteleyev, Azərbaycan diaspor nümayəndələri iştirak ediblər.

Ağacəkmə aksiyasından öncə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, bugünkü aksiya ətraf mühitin qorunması üçün birgə fəaliyyətin nə qədər vacib olduğunu nümayiş etdirir:

“Yaşıl şəhərlər həyat, sağlamlıq və davamlı inkişafın simvoludur. Azərbaycan üçün bu il ekoloji təşəbbüslər kontekstində xüsusi əhəmiyyət kəsb edir”.

Tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyəti vurğulanıb. “Bu layihə Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində həyata keçirilir. Tədbirdə iştirakımız bu məqsədlərə çatmaq yolunda daha bir addımdır. Əminik ki, əməkdaşlığımız Kiyevin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına mühüm töhfə və Azərbaycan ilə Ukrayna arasında möhkəm dostluğun daha bir simvolu olacaq”, – səfir əlavə edib.

Layihəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirən Kiyev şəhər merinin müavini Petro Panteleyev çıxışında qeyd edib ki, xiyabanın salınması iki ölkə arasında dost münasibətlərin bariz nümunəsidir: “Azərbaycan dövləti Ukraynada da yaşıl dünya üçün öz töhfəsini verir”.