Xəbərlər

Kosmosdakı bakteriya və viruslar Yer üzündə antibiotiklərə qarşı ümid yaradır

Bakteriya və viruslarla dolu bir qutu 2020-ci ildə Beynəlxalq Kosmik Stansiyaya göndərilib və geri qaytarılıb. Tədqiqatçılar bildiriblər ki, kosmosda bakteriya və virusların dəyişməsi Yer üzündə antibiotiklərə davamlı bakteriyalarla mübarizə üçün yeni imkanlar açıb.

“Füyuzat” xəbər verir ki, bu araşdırma “PLOS Biology” jurnalında dərc olunub.

Alimlər Escherichia coli bakteriyasını onun düşməni olan T7 bakteriofaqı ilə mikroqravitasiyada yoxlayıblar. Bakteriofaqlar yalnız bakteriyaları yoluxduran viruslardır və onları öldürmək qabiliyyətinə malikdir. Kosmos şəraitində bakteriyalar genlərində dəyişikliklər keçirib, faq virusları isə buna uyğun olaraq mutasiyaya uğrayıb.

Nəticədə, kosmosda yaranan bəzi faq mutasiyaları Yer üzündə sidik yolları infeksiyalarına səbəb olan antibiotiklərə davamlı bakteriyaları öldürməkdə çox effektiv olub.

Alimlər qeyd ediblər ki, bu araşdırma Yer üzündə dərmanlara davamlı bakteriyalarla mübarizə üçün yeni, daha güclü viruslar hazırlamağa imkan verir.