Xəbərlər

KTMT-nin baş katibi: Avrasiya təhlükəsizliyi ilə bağlı konfrans Münxenə alternativ ola bilər

Payızda Minskdə keçiriləcək Avrasiya təhlükəsizliyinə dair yüksək səviyyəli beynəlxalq konfrans Münxen Konfransının alternativinə çevrilə bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Belta” agentliyinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.

“Biz Minskin təşəbbüsünü dəstəkləyirik. Bu konfransı hər il etmək niyyətindəyik. İnanırıq ki, bu, Münxen Təhlükəsizlik Konfransına alternativ ola bilər”, – Tasmaqambetov deyib.

Qeyd edək ki, 2024-cü il oktyabrın 31-dən noyabrın 1-dək Minskdə Avrasiya Təhlükəsizliyi üzrə II Beynəlxalq Konfrans keçiriləcək. İlk konfrans da 2023-cü ilin oktyabr ayının sonunda Belarus paytaxtında keçirilib. Tədbir zamanı Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 30 ölkə və strukturlarından 120-yə yaxın nümayəndə heyəti qlobal və regional təhlükəsizlik sahəsində böhranın aradan qaldırılması yollarını müzakirə ediblər.