Britaniya, Almaniya və Fransa Misir, Qətər və ABŞ liderlərinin İsrail və Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəslə bağlı danışıqları bərpa etmək çağırışını dəstəkləyib.
“Füyuzat”ın məlumatına götə, bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmer, Almaniya kansleri Olaf Şolz və Fransa Prezidenti Emmanuel Makron birgə bəyanat yayıblar.
“Biz Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ABŞ Prezidenti Co Baydenin danışıqların dərhal bərpasına çağıran birgə bəyanatını dəstəkləyirik. Gecikmələrə yol verilməməlidir”, – bəyanatda qeyd olunub.
“Döyüşlər indi dayandırılmalı və HƏMAS-ın saxladığı bütün girovlar azad edilməlidir. Qəzza xalqına təcili və maneəsiz yardımın çatdırılmasına və paylanmasına ehtiyac var”, – bəyantda bildirilib.
Onlar həmçinin regiondakı gərginliklə bağlı ciddi narahatlıqlarını ifadə edərək, İran və onun müttəfiqlərini regional gərginliyi daha da artıra və atəşkəslə bağlı danışıqlar aparmaq və girovları azad etmək imkanlarını təhlükə altına sala biləcək hücumlardan çəkinməyə çağırıblar.