Böyük Britaniya hökuməti ilin sonuna qədər Ukraynaya Dünya Bankından 484 milyon dollar məbləğində kredit zəmanəti verməyi planlaşdırır.
“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lemminin ABŞ dövlət katibi Entoni Blinkenlə birlikdə Kiyevə səfərinin yekunlarına dair bəyanatında deyilir.
Qeyd olunur ki, bu vəsait məktəblərin və xəstəxanaların fəaliyyətinin saxlanması, dövlət qulluqçularının maaşlarının ödənilməsi və pensiyaçılara köməklik göstərilməsinə yönəldiləcək. Xarici İşlər Nazirliyi qeyd edib ki, söhbət Britaniya tərəfinin ötən il elan etdiyi 3 milyard dollarlıq ümumi zəmanət paketinin bir hissəsi kimi Ukraynaya kredit yardımının göstərilməsinin ikinci mərhələsindən gedir.
Bundan əlavə, London Ukraynanın enerji sektorunu və digər humanitar layihələri dəstəkləmək üçün 242 milyon funt sterlinq (315 milyon dollar) ayıracaq.