Aygün Əzimova Füyuzat 144

Maarifçilikdən istiqlala gedən yol


Bir milliyyətin milli ideologiya ətrafında cəmlənməsi ümumi şüur və birgə iradənin təsisinə bağlıdır. Bu isə yalnız “ictimai hafizə” vəzifəsini görən “orqanın, üzvün” təşəkkülü ilə mümkün olur. Bu “orqan” müxtəlif zamanlara, ictimai quruluşlara görə dəyişir. Cümhuriyyətçi Mirzə Bala Məhəmməd­zadənin də dediyi kimi, feodalizm sisteminin süqutu ilə “şəhərlərdə yetişən ziyalı zümrə şüurun tərbiyə və iradəsini təmsil edən bir sinif halına gəldi. Bu sinfin ən böyük aləti mətbuatdır”.

XX əsrin sonlarında ziyalı zümrənin nümayəndələri yaxşı anlayırdılar ki, Azərbaycan xalqının çağdaş dünya nizamında özünə layiqli yer tutması üçün maarifin, elmin, milli özünüdərkin, milli şüurun və milli təəssüb hissinin yüksəlişi başlıca şərtlərdəndir.
Bu gün mətbuatımızı araşdırmaqla öz milli kimliyimizi öyrənir, formalaşdırır, yaşanan tarixi həqiqətlərə aydınlıq gətirir, tarixi təcrübəmizdən yararlanmaqla müəyyən nəticələr çıxarmağa çalışırıq.

XIX əsrin ikinci yarısında Həsən bəy Zərdabi “Əkinçi” qəzetini (1875–1877) nəşr etdirməklə Azərbaycanda yeni bir mərhələnin başlanğıcını qoydu.
Çar Rusiyasının hakimiyyəti altındakı türk və müsəlman toplumlarını maarifləndirməyi qarşılarına məqsəd qoyan Azərbaycan ziyalıları mənsub olduqları xalqın inkişafına, maarif və mədəniyyətinin tərəqqisinə çalışır, geriliyin, zülmün, ədalətsizliyin, istismarın məhv edilməsi üçün mübarizə aparırdılar. “Millətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatlarıdır”, – söyləyən kəsərli qələm sahibi, böyük publisist Ömər Faiq Nemanzadə də müasirləri kimi özünün maarifçi və demokratik ideyalarını məhz mətbuat vasitəsilə geniş xalq kütləsinə çatdıra bilirdi.

Ö.F.Nemanzadə tarixin inkişaf prosesini geniş təhlil edən bir ziyalı kimi publisist yaradıcılığı ilə mənsub olduğu xalqın inkişafına və milli maraqlarına kömək etmiş, geriliyə, zülmə, ədalətsizliyə, istismara qarşı mübarizə aparmışdır. Ədib publisistikasında millətinin nümayəndələrini öz hüquqlarının müdafiəsi uğrunda apardığı mübarizənin öncüllərindən biri kimi dövrün ictimai-siyasi tarixi gerçəklikləri kontekstində müsəlman aləminin qaranlıq mühitinə aydınlıq gətirmiş, millətinin düçar olduğu bütün fəlakətlərdən qurtuluş yolunu göstərməyə çalışmışdır…

Davamı…