Xəbərlər

Macarıstan: Vaşiqton Avropanın Rusiyaya qarşı mübarizəyə rəhbərlik etməsini istəyir

“Vaşiqtonun liberal elitaları Mərkəzi Avropa ölkələrinin Rusiya ilə qarşıdurmada öndə cərgədə yer almasını istəyirlər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın baş naziri Viktor Orbanın siyasi müşaviri Balazs Orban bildirib.

“Düşünürəm ki, Vaşinqtonun liberal elitalarından gələn təklif odur ki, Mərkəzi Avropa ölkələri ruslara qarşı mübarizədə əsas planda olsun. Onlar sonra deyəcək ki, “siz ruslara qarşı döyüşürsünüz. Bunun üçün biz sizi dəstəkləyirik. Biz sizə bir az silah veririk, sizə bir qədər hərbi dəstək veririk, yaşamaq üçün bəzi sərmayələr veririk, amma çox deyil. Buna öyrəşin”. Yeni soyuq müharibənin başladığı barədə fikirlər var”, – Balazs Orban deyib.

Orban daha sonra ölkəsinin bu münasibətdən məmnun olmadığını bildirib.

“Biz bu taleyin olmasını istəmirik. Biz suveren olmaq istəyirik. Güclü olmaq istəyirik. Biz regionda əsas dövlət olmaq istəyirik. Sizin də qeyd etdiyiniz kimi, biz Şərqlə Qərb arasındakı ticarət yollarının ortasındayıq. Biz görüş nöqtəsi olaraq qalmaq istəyirik”, – deyə macar siyasətçi davam edib.

Onun sözlərinə görə, Macarıstan anlayır ki, Rusiya onun qonşusudur və onlar birlikdə yaşamalıdılar.