Fransa Prezidenti Emmanuel Makron Nazirlər Şurasının qapalı iclasında bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu İsrail dövlətinin BMT-nin qətnaməsi əsasında yaradılması hadisəsini xatırlamalıdır.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.
“İsrailin Baş naziri Netanyahu unutmamalıdır ki, onun ölkəsi BMT-nin qərarı ilə yaradılıb. Buna görə də o, təşkilatın qərarlarına meydan oxumamalıdır”, – deyə “Le Parisien” Makrondan sitat gətirib.
Qəzet qeyd edir ki, Prezident bunu İsrailin Hizbullaha qarşı BMT-nin Livandakı müvəqqəti qüvvələrinin yerləşdiyi ərazilərdə həyata keçirdiyi əməliyyatlar və İsrail səfirinin Fransa Xarici İşlər Nazirliyinə çağırması fonunda deyib.
Netanyahunun Makronla telefon danışığından sonra İsrail Baş nazirinin ofisi “Fransa prezidentinə xatırlatma” başlıqlı izahat yayıb.
Xatırlatmada deyilir ki, İsrail dövləti müstəqilliyini BMT-nin qərarı nəticəsində deyil, Müstəqillik Müharibəsində qazanılan qələbə nəticəsində, bədəlini Holokostdan sağ çıxan və ya kollaborasiyaçılardan qaçan cəsur döyüşçülərin qanı ilə qazanıb.
“Xatırladaq ki, son onilliklər ərzində BMT yeganə İsrail dövlətini mövcud olmaq hüququndan və özünü müdafiə etmək qabiliyyətindən məhrum etmək məqsədi ilə İsrail dövlətinə qarşı yönəlmiş yüzlərlə antisemit qətnamələr qəbul edib”, – Netanyahunun ofisi əlavə edib.