Xəbərlər

“Manas” dastanı

Türk dünyasının gözdə əsərlərindən biri olan, türk xalqları, xüsusən də qırğızlar tərəfindən sevilə-sevilə oxunan “Manas” dastanı həm məzmun, həm də həcminə görə dünya folklorunun ən böyük epik əsəridir.

“Manas” dastanı türk xalqlarının şifahi ədəbiyyatının möhtəşəm nümunəsidir. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, müqəddəs ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı mübarizəyə çağıran, türk xalqlarının həyat və məişətini, adət-ənənələrini, torpaq sevgisini özündə yaşadan bu dastan əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu günümüzə qədər gəlib çatmışdır.

Üç hissədən ibarət dastanda irili-xırdalı yüzlərlə obrazın olmasına baxmayaraq, demək olar, bütün hadisə və obrazlar bu və ya digər formada Manasla əlaqələnir. Manas obrazı timsalında xalq öz azadlıq istəklərini, düşmən üzərində qələbə çalmaq, vahid şəkildə birləşmək arzularını və s. əks etdirib. Dastanda Manasın anadan olmasından ölümünə qədər olan bütün həyatı öz əksini tapıb. Lakin onun ölümündən sonra hadisələr oğlu Semeteyin və nəvəsi Seytekin mübarizələri fonunda davam edib.

Dastanın hissələri müvafiq olaraq bunlardır:

Manas – dastanın əsas qəhrəmanıdır. Qırğız xalqının azadlığı və birliyi uğrunda durmadan mübarizə aparır.

Semetey – Manasın oğludur. Atasının işini davam etdirir.

Seytek – Semeteyin oğlu, Manasın nəvəsidir. Düşmənlərə qarşı qətiyyətli mübarizəni davam etdirir.

Əsərdəki əsas obrazlara bu şəxsləri misal göstərə bilərik:

Dastanın həm baş, həm də qeyri-adi qəhrəmanı olan Manasın qeyri-adiliyi elə anadan olduğu ilk gündən başlayır və ömrünün sonuna qədər də davam edir. Manas hələ anadan olmamış atası Yakıp (Yaqub) yuxu görür, arvadı Çıyırdı xatunun belinə bir yay bağlayaraq oğlunun doğulacağı günü gözləyir. Doğulan uşağın adını Manas qoyurlar, amma bu adı hamıdan gizli saxlayırlar. Çünki Çin hökmdarı Əsən xanın kahinləri Manas adlı uşağın dünyaya gələcəyi və düşmənlərin cəzasını verəcəyini artıq çox öncədən xəbər vermişdilər. Buna görə də düşmənlər hər yerdə Manas adlı uşağı axtarır, onu tapıb öldürmək istəyirlər. Manas hələ beşikdə ikən atasına düşmənlərdən qisas alacağını söyləyir.

Böyüdükdən sonra o xan seçilir və mənfur düşmənə qarşı mübarizəyə başlayır. Manas bu mübarizədə tək deyil. Kalmık xanı Qaraxının oğlu Almambet və Kökötöy Manasın ən yaxın silahdaşlarından biridir. Almambet atasından üz döndərərək müsəlmanlığı qəbul etmiş və Manasa sığınmışdır. Manas öz igidləri ilə birlikdə düşmənlərdən qisas alır, Ala-Tooya, Çinə və s. yürüş edir, Alooke xanı, Şooruk xanı məğlub edir.

Manasın oğlu olan, igidliyi ilə atası kimi fərqlənən Semetey. O, atasının ölümündən sonra Talasa gəlir, hakimiyyəti ələ alır və qırğız xalqının müdafiəçisi rolunda çıxış edir.

Semeteyin oğlu, cəsur Seytek. Atası İlyas xan tərəfindən öldürüldükdən sonra hakimiyyətə o sahib çıxır. Bundan sonra baş verən hadisələr isə dastanın üçüncü hissəsinə aiddir.

Dastanda Manasın həyat yoldaşı, ağıllı, düşmənlərə qarşı nifrət saçan, daima dövlətin taleyini düşünən Kanıkey xatun da ideal obrazlardan biridir. Qeyd edək ki, bu obraz Manas öləndən sonra da dastanın digər iki hissəsində əsas rollarda çıxış edir.

“Manas”ın kökləri ta qədimlərə qədər gedib çıxır. Bununla belə, 1995-ci ildə dastanın YUNESKO-nun qərarı ilə 1000 illiyinin qeyd olunması səbəbindən onu X əsrə aid edirlər.

Bu dastan Qırğızıstanda bu gün də geniş vüsət almaqdadır. Çağdaş manasçılar ona yeni-yeni motivlər və çalarlar əlavə edirlər. Eposun manasçılar tərəfindən söylənilmiş 18-dən çox variantı aşkar edilmişdir.

Onu da qeyd edək ki, Qırğızıstanda Manas Universiteti, Manas Beynəlxalq hava limanı və Manas haqqında filmlər, həmçinin əsərlər də mövcuddur.

“Manas” dastanı Azərbaycan dastanları, xüsusilə “Koroğlu”, “Kitabi-Dədə Qorqud” kimi epik əsərlərlə tematik baxımdan oxşardır. Bu dastanların hər birində əsas mövzu xalqın birliyi, azadlıq uğrunda mübarizə, qəhrəmanlıq, döyüşkənlik, vətənpərvərlik və milli kimlikdir.

Bu dastan türk dünyasının ortaq mədəni irsi kimi qəbul olunur.

Ləman Vahid