Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzünün son mərhələsi ermənilərin azərbaycanlılara qarşı heç olmasa XX yüzillik ərzində törətdiklərinin tarixini ciddi araşdırmağa yönəldir. Son 100 il ərzində maddi tarixi mənbələri belə saxtalaşdırmaq istiqamətində intensiv iş görən ermənilər bütün cəhdlərə baxmayaraq həqiqəti ört-basdır edə bilməyib açıq-aşkar zora əl atdılar.
Ermənilərin hələ eradan əvvəl Azərbaycanın tarixi torpaqlarına istilaçı müdaxiləsi bəllidir. Dövlətçiliyini itirəndən sonra erməni fikir tərzi hərbi fəaliyyət müstəvisindənsə ideoloji-təbliği məzmunlu fəaliyyətə üstünlük verir. Erməni tarixi, dini qüvvələri uydurma “böyük Ermənistan” ideyasını yaşatmaq və reallaşdırmaq yönündə tərbiyə edir. Beynəlxalq aləmdə nüfuz sahibi dövlətlərlə müxtəlif əlaqələr axtarır, etibarlı dayaq sahibi kimi Rusiya dövləti ilə anlaşma qura bilir. Rusiya imperiyasının cənuba irəliləyiş perspektivində erməni vasitəçiliyi cəlbedici görünürdü. Osmanlı imperiyasında xristian təbəələrinin himayəçisi pərdəsi altında Şərq siyasətini reallaşdırmağa dönmədən səy göstərən Rusiya həm də “erməni hüququnu müdafiə” adı altında Osmanlı torpağına daha bir müdaxilə imkanı görürdü; “Türkiyə Ermənistanı” ideyasına dəstək verməklə yanaşı, Qafqazın istilasında da “erməni məsələsindən” əlverişli taktiki fəaliyyət üçün faydalanmaq niyyətində idi. Erməniləri razı salmalı tədbirlər Rusiyanın dövlət mənafeyi ilə ziddiyyət təşkil etmir, əksinə, qarşılıqlı təminata xidmət edirdi. Ermənilərin Cənubi Qafqaza köçürülməsi miqyası və şərtləri, Rusiyanın Qara dəniz boğazlarına, Osmanlı paytaxtına səngiməyən iddiası “erməni məsələsini” daha da kəskinləşdirirdi. 1453-cü ildə Konstantinopolu fəth edərək burada teokratik erməni icması yaratmaq barədə göstəriş vermiş türklər ermənilərin yüksək dövlət vəzifələrində olmalarına imkan vermişlər. Rusiyanın “Türkiyə ermənilərinin” dayağı olmaq cəhdi Böyük Britaniyanın Yaxın Şərqdəki mənafeyi ilə toqquşduğundan yalnız Rusiyanın deyil, Berlin konqresinin iştirakçısı olan böyük dövlətlərin də yardımına ümid bağlayan ermənilərin “böyük Ermənistan” xülyası yenə baş tutmur. I Dünya müharibəsinin rus-türk cəbhəsində erməni mövqeyinin Rusiya üçün siyasi əhəmiyyəti yenidən artmağa başlayır. Təbəəsi olduğu dövlətə qarşı ölkə daxilində ikinci cəbhə açan Türkiyə ermənilərinə Rusiya “müttəfiqliyi” baha başa gəlir. Türkiyə hökumətinin xain təbəələrinə və fərarilərə qarşı cəza tədbiri – etibarsız erməni əhalisini döyüş bölgələrindən köçürməsi prosesində məhv olmuş ermənilərin sayı zaman-zaman artırılmış, şişirdilmiş rəqəmlər hallandırılmağa başlanmışdır. 1915-ci ildə türk ordusuna arxadan zərbə vurmuş ermənilər Türkiyə hökumətini onlara qarşı genosid siyasəti yeritməkdə beynəlxalq ittihamla uzun illər çıxış etmiş, hər dəfə təcavüzkar, məkrli planlarını həyata keçirmək yönündə işlərini ört-basdır etmək üçün bu məsələ ətrafında daha artıq səs salmağa çalışmış, indi də həmin siyasətlə Azərbaycan Respublikasına qarşı həyata keçirdiklərini diqqətdən yayındırmaq və çağdaş beynəlxalq durumdan faydalanmaq istəyirlər.
SSRİ-nin dağılması, yeni müstəqil dövlətlərin meydana çıxması, dünya siyasi xəritəsinin növbəti rəngarəngliyinin təsbiti fürsətindən ermənilər qazanc götürmək istəyirlər. Həqiqətdə isə 1914–20-ci illərdə ermənilər tərəfindən yüz minlərlə insanın məhv edildiyi qərəzsiz təhqiqat işlərində təsdiqini tapmışdır. Bəhs edilən dövrdən də əvvəl ermənilər müsəlmanlara, türklərə, kürdlərə, Azərbaycan türklərinə qarşı qəddar davranmışlar. Regionda maraqları olan böyük dövlətlər arasında “manevrlər” edən ermənilər sərbəst hərəkət imkanında “zor” variantından çıxış edirdilər. 1905-ci ildən başlayaraq 1920-ci ilin sonunadək erməni zorakılığının zirvə dövrü 1918-ci ilin yazında Azərbaycan ərazisində baş verdi. Erməni zorakılığının hədəfi, məzmunu bəlli ikən forma müxtəlifliyinin hüdudu məlum deyildi. İşgəncə növlərinin tətbiq mənzərəsi, yəqin ki, bəşəriyyət tarixində olmuş qəddarlığın heyrət nümunəsi hesab ediləcəkdir: adamların ağac budaqlarından asılaraq parça-parça edilməsi, şişlərlə dağlanma, süngülərlə deşilmə, borulara qaynaqlanma, qaynar samovarlara bərkidilmə, orqanların kəsilməsi, müqəddəslərin təhqiri, məhvetmə, terror, tonqala atmaq, quyuda boğmaq, diri-diri yandırmaq… Arxiv sənədlərindən faktlarla sadalanan çoxsaylı məlumatlar erməni qəddarlığını sübut edir. Erməninin düşməninə cəza müxtəlifliyi vasitədir, məqsəd “düşmənin” məhvidir. Bəs kimdir erməninin düşməni? Amma birmənalı cavab var: erməninin düşməni onun iddia etdiyi ərazinin yerli əhalisi, həqiqi sahibləridir. İddia ərazisinin əksər sahibi türk, azərbaycanlı, dini etiqadca müsəlman olduğundan qəddarlığa məruz qalan məhz onlardır; rus məmuru, dinc rus əhalisi, türklər, kürdlər, talışlar, tatlar, ləzgilər, yunanlar, yəhudilər, gürcülər və b. xalqlar da erməni qurbanlarının siyahısındadır.
Ermənilərin əlverişli tarixi fürsət hesab etdikləri dövr 1917-ci ilin fevralından başlayır. Cənubi Qafqazda bütün partiya və təşkilatlar öz məramları yönündə konkret fəaliyyətləri ilə cəmiyyət içində sosial dayaq yaratmağa çalışırdı. Milli məzmunda təşkilatlanma gücləndi. Müsəlmanların gələcək mövcudiyyəti və inkişafının siyasi formaları müzakirə olunduğu və Qafqaz müsəlmanlarının, sonra isə Ümumrusiya müsəlmanlarının qurultaylarında fərqli baxışlar müstəvisində geniş müzakirələr federasiya quruluşlu Rusiyada inzibati-ərazi muxtariyyətinə üstünlük verdiyi bir vaxtda daşnak xadimləri regionda mürəkkəb bir missiya yerinə yetirmək əzmində idilər: dünya müharibəsi zamanı rus qoşunları tərəfindən tutulmuş “Türkiyə Ermənistanı” adlandırdıqları ərazini də Rusiyaya qatmaq, Ermənistanla Rusiyanın əlaqələrini qırmamaq və ən başlıcası − türklərin Cənubi Qafqaza müdaxiləsinə yol verməmək. Bütün bunların nəticəsində isə ərazi iddialarını həyata keçirmək maneəsiz ötüşə bilərdi. Digər tərəfdən keçmiş Rusiya imperiyasının başlıca inqilabi mərkəzlərindən biri olan, strateji mövqeyi və təbii ehtiyatı ilə əhəmiyyətə malik Bakıdan başlayaraq Cənubi Qafqazda Sovet hakimiyyətinin qələbəsinə nail olmaq kimi təxirəsalınmaz vəzifəni həyata keçirməli olan bolşeviklər müsəlmanların siyasi fəallığından, xüsusən də milli hərəkatın önündə olan “Müsavat” partiyasının seçki uğurlarından nəticə çıxartdılar. Bolşeviklər ilk növbədə hərbi güc toplamağın qeydinə qaldılar. Qafqaz cəbhəsindən dönən rus əsgərlərinin silah və hərbi sursatı, əsasən, Bakı bolşeviklərinin əlinə keçdi. “Daşnaksütyun” partiyasının bolşeviklərlə ittifaqda hərəkət etdiyini, erməni milli şurasının da, təbii ki, daşnaklarla bir cəbhədə olduğunu, nəticədə Bakıdakı erməni hərbi hissələrinin bolşeviklərin xidmətində duracağını bilsə də, S.Şaumyan Rusiyadan hərbi məqsədli vəsait və sərəncamlar tələb edirdi. Belə ardıcıl, prinsipial, nizamlı silahlanmanın müqabilində bolşeviklər 1918-ci ilin martı üçün 20 min silahlı qüvvəyə arxalandığı halda, müsəlman kütləsi silahsız, əliyalın vəziyyətdə idi. Bakı bolşevikləri ilə erməni millətçilərinin müştərək mübarizəsində hədəf eyni idi: Azərbaycanın milli fikrini boğmaq, milliyyətçi hərəkatı dəf etmək. Nəzərə alaq ki, Bakı bolşeviklərinin görkəmli üzvlərinin əksəriyyəti milliyyətcə erməni idi. Cəmiyyətdə müsəlman milli komitəsinin və “Müsavat” partiyasının nüfuzu həm bolşeviklərin, həm də ermənilərin əsas məqsədlərinə əngəl törədirdi. Türkiyə ərazisində belə erməni muxtariyyətini rəsmi dəstəkləyən, bu yolda səy göstərən bolşeviklərin “böyük Ermənistan” xülyasını gerçəkləşdirəcəyinə ümid bəsləyən ermənilər daha artıq canfəşanlıqla hər bir siyasi akta məqsədyönlü məzmun verməyə çalışırdılar.
Azərbaycan muxtariyyətinin gerçəkləşməsi, Qafqazda muxtar milli dövlət qurumlarının yaradılması Sovet hakimiyyəti ideyasına köklü zərbə demək idi. Hakimiyyətin Sovet hökumətinin düşmənləri əlinə keçəcəyi təqdirdə neft mədənlərinə od vurmaq haqqında mərkəzdən təlimat belə verilmişdi. Bolşeviklər müsəlman millətçiləri üzərinə həlledici hücum fürsəti gözlədikləri halda, müsəlman hərbi hissələrinin təşkili yönündə iş aparılması siyasi ehtirasları zirvə anına çatdırdı. “Cəbhə boyu hücuma başlamaq” (Şaumyan) üçün bəhanə lazım idi. Bəhanə üçün zəmini də bolşeviklər hazırladı. “Evelina” gəmisinin müsəlmanlardan ibarət şəxsi heyətinin bolşeviklər tərəfindən tərk-silah edilməsi müsəlmanların kütləvi etirazına səbəb oldu. Erməni fitnəkarları üçün təxribat, bolşeviklər üçünsə hücum meydanı yarandı. Bu aksiyaya Şaumyanın şüurlu olaraq nəinki yol, bilavasitə rəvac verdiyini etdiyi etiraf təsdiqləyir: “Atlı dəstəmiz üzərinə düşmən tərəfindən ilk silahlı basqın cəhdindən istifadə edərək cəbhə boyu hücuma başladıq”. Hərbi gücün yalnız ermənilərə məxsusluğunu, silahsız müsəlman kütləsi ilə mübarizə aparacağını bilə-bilə martın 30-da “əksinqilabi qüvvələrə” qarşı Bakı şəhərinin və onun rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Çoxdan həsrətində olduqları anın yetişdiyini görən ermənilər üçün diplomatik davranışa ehtiyac qalmadı. “Daşnaksütyun” və erməni milli şurası Bakı Sovetini rəsmi dəstəklədi. Müsəlmanların fiziki mövcudluğu təhlükə altında qaldı. “Bakı şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş verir…” (N.Nərimanov). Bakıda törətdiklərindən məmnun olan daşnaklar əməllərini Azərbaycanın qəzalarında davam etdirirlər. Üç gün ərzində 12 mindən çox müsəlmanın qətli bolşevikləri yeni qələbələrə, mübarizənin coğrafi məkanını genişləndirməyə ruhlandırdı. Zorakılıq, vəhşilik və talanın miqyası daşnakları 1918-ci ilin avqustunda kütləvi qətllərə görə Osmanlı paşasından üzr istəməyə vadar etmişdi. Bu məcburiyyət qisas ehtimalı qorxusu altında baş versə də, canilərin cinayəti etiraf etməsi demək idi ki, daşnak nümayəndələri qırğın iştirakçılarını beynəlxalq məhkəməyə verməyi vəd etmişdilər. Qətlin həyata keçirilməsi milli seçimə söykənirdi. Siyasi deyil, milli-dini mənsubiyyət əsas götürülürdü. Çünki qırğının baş verdiyi ərazilərin əsl sahibi məhz müsəlmanlar – azərbaycanlılar idi. Onları fiziki məhv etmədən torpağını mənimsəmək mümkün olmurdu. Digər tərəfdən isə onların milli muxtariyyət arzusu və qətiyyəti həm daşnakların, həm də bolşeviklərin planının qarşısını ala bilərdi. Bəzən 1918-ci il azərbaycanlıların soyqırımı aktını vətəndaş müharibəsi, hərbi-siyasi qarşıdurma kimi qiymətləndirənlər olur. Əsas dəlil kimi xarici dövlətlərin arasında deyil, bir ölkə vətəndaşları arasında baş verən hadisə olduğu göstərilirdi. Nəzərə alaq ki, çar recimi devrilmiş, müvəqqəti hökuməti devirən bolşeviklər Rusiyada hakimiyyətə gəlmiş, Cənubi Qafqazda isə Zaqafqaziya Seymi fəaliyyət göstərən mürəkkəb bir vəziyyətdə Bakını, Bakı neftini tutmaqda qətiyyətli olan bolşeviklər Bakıdakı hakimiyyəti yalnız qırğından sonra möhkəmlədə bildi. Sonrakı qırğınlar qəzalarda törədildi. Bakı XKS-nin hakimiyyəti isə Azərbaycan qəzalarına yayılmamışdı.
Rusiyadakı bolşevik hakimiyyətini keçmiş Rusiya imperiyasının bütün ərazisinə şamil edən bolşeviklər ucqarlarda yaranmış yeni hakimiyyət qurumlarını nəinki tanımaqdan imtina edir, onların yaranmasına, fəaliyyətinə hər vəchlə mane olmaq əzmində idilər. Bu baxımdan 1918-ci ilin yaz hadisələrini “vətəndaş müharibəsi” adlandıranlar Zaqafqaziya Seyminə tam etinasızlıqla “Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir” deyirdilər. Hətta bolşevik-müsəlmanlar belə (N.Nərimanov və b.) 1918-ci il mart hadisələrini “milli qırğın” kimi səciyyələndirmişlər. Cənubi Qafqazda seymin səlahiyyətlərindən kənarda yeganə şəhər olan Bakıda milli qırğın törədərək hakimiyyət quran bolşeviklər 1918-ci il aprelin 22-də yaradılan Cənubi Qafqaz Demokratik Federativ Respublikasına da məhəl qoymadılar. Azərbaycan qəzalarında müsəlmanlara qarşı qırğın davam edirdi. “Bakı insanlıq simasını büsbütün itirmiş şəxslərin hakimiyyəti altında idi” deyən N.Nərimanov üzünü tarixə tutub, “Lakin belə bir dəhşətli hadisədən sonra onun qəzalar üzrə həyata keçirilməsini davam etdirmək nəyə lazım idi?” sorsa da, məsuliyyəti Şaumyan başda olmaqla bolşeviklərin üzərinə qoymuşdu: “Bax bu suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir”.
Cənubi Qafqazda müsəlmanlara qarşı 1918-ci il soyqırımı bir sıra siyasi nəticələr doğurdu. Müsəlmanların fiziki məhvolma təhlükəsi muxtariyyət fikrini geriyə atıb, dövlət yaradılması zərurətini meydana qoydu. Milli şüur, milli mənlik hissləri gücləndi. Sovet hakimiyyəti ideyası güclü zərbə aldı. Bolşevik hakimiyyətinin bölgədə ilk təcrübəsi milli qırğınla başladı və Sovet Rusiyasının Qafqaza növbəti müdaxiləsi həm zaman, həm də taktiki dəyişiklik zərurətinə məruz qaldı. Brest-Litovsk müqaviləsi ilə “Türkiyə Ermənistanı” planı yenidən puça çıxmış daşnakların Qafqazda bolşeviklərlə müttəfiqlikdən də siyasi qazancları onları qane etmir, Cənubi Qafqaz Seyminə çox oricinal təklif edirlər: Bakı hadisələrini bir şərtlə aradan qaldırarlar ki, Bakıda xalis müsəlman deyil, beynəlmiləl hökumət olsun, erməni hissələri də Bakıda qalsın. Mayın 6-da seymin müsəlman fraksiyası və Cənubi Qafqaz Mərkəzi Müsəlman Şurasının üzvləri bu təklifi birmənalı rədd edirlər. XX əsrin I rübündə daşnakların üz tutduğu qüvvələr tamamilə fərqli, bir-birinə düşmən düşərgələrə məxsus olmuşlar. Qısa zaman kəsiyində daşnakların müttəfiq kimi səbatsızlığı heç də çevik diplomatiya deyil, ikrah doğuracaq mənəviyyatsızlıq, aşkar riyakarlıq, milli ləyaqətsizlik nümunəsidir: Bakıdakı bolşevik hakimiyyətinə qarşı ingilislərlə müştərək qiyam planı, Böyük Britaniya qoşunları hesabına türk ordusuna qarşı çıxmaq, türklərin üstünlüyü anında onlarla separat danışığa girmək, türklər bölgəni tərk edən kimi ingilis himayəsindən faydalanmaq, Denikinlə işbirliyi qurmaq, Sovet Rusiyası ilə gizlin sövdələşmələr. Azərbaycan Cümhuriyyətinin devrilməsində də məşum rol oynayan Ermənistan Osmanlı imperiyasından pay sahibi olmaq istəyən qalib dövlətlərlə birgə Sevr müqaviləsini də imzaladı.
Ermənilər qalib dövlətlərə dayaq qüvvəsi kimi gərəkli idi: Kilikiyada Türkiyəyə, Cənubi Qafqazda Sovet Rusiyasına qarşı; əvəzində erməninin istədiyi yalnız yeni ərazilər idi: Türkiyə, Gürcüstan və Azərbaycan torpaqlarında. Nəticə: erməni-gürcü müharibəsi, erməni – türk müharibəsi, ermənilərin Azərbaycana qarşı uzun və qanlı mübarizəsi oldu.
Türkiyə üçün “ölüm” müqaviləsi ilə barışmayan türk xalqının milli-azadlıq savaşında yeni cəbhə açan ermənilər Qars vilayətində, Şərur-Dərələyəzdə, İrəvanda və b. yerlərdə kütləvi qətllərə başladılar. Hərbi əməliyyat meydanında məğlub olan daşnak hökuməti Aleksandropol (Gümrü) sazişini imzalamağa məcbur oldu. Türki, yəni avantürist müharibəyə cəlb edən Ermənistan öz mənafeyi naminə Sovet Rusiyasının yeritdiyi siyasət nəticəsində Sovet respublikası formasında yenidən “doğuldu”. Kommunist adı altında fəaliyyət göstərən daşnakların tezliklə antisovet qiyamı təşkil edib, yenicə müharibə edib, alçaldıcı sülh bağladıqları, tarixi düşmən saydıqları türklərə üz tutub əməkdaşlıq cəhdi yalnız erməni siması məziyyətindən irəli gələ bilərdi. Ermənistan Respublikası gerçəkliyinə qane olmayan ermənilər üçün törətdikləri qırğınların, talanların, qətllərin onların gözlədikləri siyasi nəticəsi iddia etdikləri səviyyədə təmin edilmədiyindən ənənəvi mübarizə metodlarından hələ də əl çəkməyiblər. 1918-ci il müsəlman soyqırımını törədərkən ermənilər müttəfiq kimi köməyinə bel bağladıqları ingilis hərbi qüvvələrinə qarşı müsəlman əhalisi içərisində mənfi münasibət formalaşmasına səbəb olmuşdular. Belə ki, 1917-ci il fevral inqilabından sonra ermənilər Cənubi Qafqaz xalqlarına vəd olunmuş Böyük Britaniya köməyinin müstəsna olaraq onlar üçün nəzərdə tutulduğu barədə məlumat yayaraq öyündükləri halda, Qafqazdakı Britaniya rəsmi şəxsləri özlərinə qarşı gürcü və müsəlmanlarda yaranmış yanlış münasibəti bütünlüklə dəyişdirməyə nail ola bilmədilər. 1918-ci ildə daşnakların Qafqazdakı fəaliyyəti Böyük Britaniyanın yerli əhali arasında britaniyapərəst münasibət formalaşdırmaq yönündə yeritdiyi ənənəvi siyasətə əngəl törətdi və Qafqazda birinci ingilis missiyası (Denstervillin başçılıq etdiyi) Azərbaycanın siyasi tarixində rəğbət doğurmayan məqama çevrildi.
1918-ci il soyqırımının digər bir nəticəsi Qafqaz müsəlmanları arasında Türkiyə oriyentasiyasının güclənməsi, yeganə nicat yeri olaraq Türkiyədən hərbi, diplomatik və s. dəstək görməyə yönələn qəti siyasət kursunun formalaşması oldu. Azərbaycanlıların 1918-ci il soyqırımının ən ümdə və konkret siyasi nəticəsi Azərbaycan Cümhuriyyətinin meydana gəlməsi sayıla bilər. M.Ə.Rəsulzadənin 1918-ci ilin martında ermənilərin törətdiyi qırğın nəticəsində “Bakı bir qan və fitnə ocağı deyil, paytaxtımız oldu” deyimi də məhz Azərbaycan Cümhuriyyəti gerçəkliyini ehtiva edir.
Firdovsiyyə Əhmədova