Ədəbiyyat Təhlil Xəbərlər

“Məktəb”dən gələn dəyərlər

Nuridə İsmayıl

BDU, magistr

Azərbaycan uşaq mətbuatının ilk nümunələri sayılan “Dəbistan” (1906-1908), “Rəhbər” (1906-1907) və “Məktəb” (1911-1920) jurnalları XX əsrin əvvəllərində uşaq ədəbiyyatının inkişafında müstəsna xidmət göstərmişdir. Hər üç dərgidə yayımlanmış baş məqalələr göstərir ki, bu dərgilərin məqsədi uşaqların hərtərəfli inkişafını təmin etmək, onlara mənəvi dəyərlər aşılamaqdır. Bu missiyanı layiqincə və nisbətən uzun müddət yerinə yetirmiş “Məktəb” jurnalı Qafur Rəşad Mirzəzadənin və Əbdürrəhman Əfəndizadənin redaktorluğu ilə nəşr olunmuşdur. Dərc olunduğu 9 il ərzində çapdan çıxmış 95 nömrənin verdiyi materiallar, təbliğ olunan dəyərlər isə jurnalı əbədiyaşar edir. Qeyd edək ki, illərdir ki, məktəb dərsliklərində və sinifdənxaric oxu materiallarında yer alan Süleyman Sani Axundoun “Qorxulu nağıllar” silsiləsi də məhz bu jurnal üçün yazılıb. Qara Namazov yazır: “1912-ci ildən 1914-cü ilə qədər ardıcıl çıxan bu hekayələri uşaqlar da, valideynlər də böyük həvəslə oxuyur, davamını səbirsizliklə gözləyirdilər”. Zamanında bu qədər şöhrət qazanmış jurnal əski əlifbada olduğu üçün müasir dönəmdə geniş oxucu kütləsi üçün əlçatmaz idi. Bu səbəbdən sevindirici haldır ki, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi “Əski Azərbaycan Əlifbası” üzrə təlim kursunun məzunları “Məktəb” jurnalından seçmələri transliterasiya edərək 2025-ci ildə – milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində ictimaiyyətə təqdim etdilər. Bu simvolik hadisə onu sübut etdi ki, aradan əsr yarım keçsə də, Zərdabinin bünövrəsini qoyduğu mətbuat ənənəsinə diqqət, qayğı nəinki azalmır, hətta bu dəyərli nümunələri transliterasiya edib ortaya çıxaran gənc nəslin timsalında daha da artır.

“Teas Press” nəşriyyatı tərəfindən nəşr olunan bu kitabın layihə rəhbəri “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva, kitabın redaktoru isə filologiya elmləri üzrə fəlsəfə doktoru Şəhla Abdullayevadır. Həmçinin Şəhla xanım jurnalın transliterasiya heyətinə iki semestr ərzində “Ədibin Evi”ndə əski əlifbanı yüksək səviyyədə tədris edib. Bu nəşrdə əsərləri yer alan yazıçı və pedaqoqlara Ağaəli Qasımov, M.Seyidəliyev, Səfa, İslam bəy Qəbulov, Rəşid bəy Əfəndizadə, Rza Zaki, Qarayev, Əli Yusifzadə, Əlisəttar, İbrahim bəy Musabəyov, Ağabəy İsrafilbəyov, Əli Məşan, Məhəmməd Quluzadə, Seyid Həsən Hüsynzadə, Hüseynəli Əliyev, Salman, Əli Məhəmməd Mustafayev, Əli Fəhmi, İshaq Məhəmmədzadə, Hüseyn Eldar, Nazim Xürrəm, Məhəmməd Rəhim Rəhimzadə, Əfrasiyab, Qumru Nərimanzadə, Abid Mütəllibzadə, Əhməd Midhət daxildir. Həmçinin bura müxtəlif məcmuələrdən nümunələr və Tolstoydan tərcümə də daxil edilib.

Kitabda nəşr olunan seçmə hekayə və şeirlər 1912–1915-ci illərdə yazılmışdır. Yazılma və nəşr tarixindən 100 ildən çox zaman keçməsinə baxmayaraq, bu nümunələr bu gün də nəinki məktəblilər üçün, həm də valideyn və müəllimlər üçün də aktualdır. Çünki bu əsərlər uşaq həyatını sırf uşaq təfəkkürü kontekstində təsvir edir. Dövrün ideologiyası, hakim rejimlərin diqtəsi bu əsərlərdə əks olunmur. Məsələn, sovet siyasi rejimi dönəmində yazılan uşaq ədəbiyyatı dərsliklərində Səməd Vurğunun “Komsomol poeması” həm də uşaqlara vətənpərvərlik tərbiyəsi verilməsi cəhətdən uşaq ədəbiyyatı nümunəsi sayılırdısa, müasir dövrdə bu əsər mövzu etibarilə aktual deyil. “Məktəb” dərgisində 1913cü ildə nəşr olunmuş “Vətənim” şeirində isə vətən anlayışı siyasi rejim kimi yox, “valideyi-möhtərəm” kimi konkretləşdirilir. Ona görə də həmin şeirdə səslənən “Vətəni bən sevərəm artıqraq; Necə öz validəsin sevər uşaq” nidası əzəli və əbədidir. Qeyd etdik ki, dərgi həm də məktəbyaşlı uşaqları tərbiyə edən valideynlər üçün də aktualdır. Çünki dövrümüzdə böyüklər uşaqlara elm öyrənməyin vacibliyini aşılayır, amma mənəvi dəyərlər unudulur. Amma “Məktəb” jurnalı şagirdlərə məhz uşaq dünyasına uyğun şəkildə dostluğu, sədaqəti, gender bərabərliyini, vətən sevgisini, xeyirxahlığı təlqin edir. Bu nümunələrdə, əsasən, quru didaktizmdən uzaq səhnələr təsvir olunur. Məktəbliyə qışda qarın yağmasının yazda bolluq gətirməsi belə başa salınır ki, qara nifrət etdiyini deyən uşağa qar özü öz dili ilə faydalarını sadalamaqla cavab verir. Qadın-kişi bərabərliyi məsələsi uşaqlara tam uşaqlara uyğun situasiya ilə anladılır: məktəbə gedən oğlan uşağı qızların da dərsə getməsini görüb təəccüblənir və heyrətini atasına bildirdikdə ata ona qadının təhsil almasının vacibliyini uyğun şəkildə izah edir.

Bəzi hekayələr dialoji nitq şəklində qurulsa da, bu da onların dinamikasını azaltmır və məhz həmsöhbətlərdən birinin məktəbli olması uşaq üçün əsəri nəsihətçilikdən ibarət sıxıcı bir mətn olmaqdan xilas edir. Xüsusən transliterasiya olunan seçmə hekayələr bir-birini məzmun baxımdan tamamlayır. Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ndə hekayətlər məqalətlərdəki fikri əyani göstərdiyi kimi, “Qoca baba ilə məktəbli uşağın söhbəti” hekayəsində, əsasən, qoca kişinin fikirlərindən ibarət məsləhətlər “Rzanın qutusu”ndakı dinamik süjetlə tamamlanır və məktəblini əvvəlki hekayədə oxuduğuna inanmağa sövq edir. Birincidə qoca kişi bir məktəbliyə şagirdlərin digər fənlərlə yanaşı, əxlaqdan da qiymət aldıqlarını, digər fənn qiymətləri yuxarı olsa da, əxlaq qiyməti aşağı olanın məktəbdən qovulduğunu deyir. O söyləyir: “… ağıllı adamlar bir adamı özünə yoldaş və ya təzə qulluğa götürəndə əvvəlcə onun nə əxlaqda olduğunu öyrənərlər, sonra onun qulluğa və yoldaşlığa götürərlər”. Bu cümlələri oxuyan məktəbli növbəti hekayələrdən biri olan “Rzanın qutusu”nda oxuyur ki, varlı qardaş kasıb qardaşa maddi yardım etmək üçün onun yanına gəlir, amma məhz qardaşının əxlaqını yoxlamaq üçün özünü kasıb kimi aparır. İmkansız qardaş isə onu kasıb sanıb ədəbsizlik edir. “Qoca baba ilə məktəbli uşağın söhbəti” hekayəsinin timsalında qeyd etməliyik ki, bu əsərlərin pedaqoji əhəmiyyəti də böyükdür. Elə XX əsrin əvvəllərində şagirdlərin həm də əxlaqdan qiymət alması qaydası bu gün üçün də tətbiq olunması labüd olan qaydalardandır. Və yaxud uşaqlara təbiətin sirlərinin təbiətin özü ilə və ya digər bir uşaqla söhbət zamanı aydınlaşdırılmasının effektivliyini nəzərə alaraq müasir dərsliklərdə bu cür hekəyələrin sayı artırılmalıdır. Jurnaldakı “Balaca Həcər, yaxud günlə ayın tutulması”, “Bir uşaqla qarın söhbəti” hekayələri bu qəbildəndir.

Jurnaldakı hekayə və şeirlərdə uşaq qəlbinin ən mübhəm nöqtələrindəki hisslər ustalıqla qələmə alınıb ki, bu da kiçik oxucular üçün əsərlərdə özünü tapma duyğusunu formalaşdırar. 100 il əvvəl də, bu gün də, 100 il sonra da uşaqlar küçədə köməyə ehtiyacı olan heyvan balası, yaralı quş görəndə onu evə gətirib evdə saxlamaq üçün analarına yalvarıblar, yalvarırlar və yalvaracaqlar. Bu, uşaq qəlbinin dəyişməz hisslərindəndir. “Rəhmli qız” hekayəsində küçədə tapdığı kiçik körpəni evə gətirib evdə saxlamaq üçün anasını birtəhər razı salan Maralın timsalında nə qədər azyaşlı oxucu özünü görər. Uşağı saxlamağa maddi imkanlarının çatmayacağını deyən, amma həm körpəyə yazığı gələn, həm də Maralın qəlbini qırmaq istəməyib sonda razılıq verən ananın şəxsində isə öz analarımızı görürük.

Hekayələrdən çıxan əxlaqi nəticə bəzən sonda müəllif nitqi kimi verilir, bəzən isə böyüklər tərəfindən uşaqların hərəkətlərindəki müsbət və mənfi keyfiyyətlər qiymətləndirilməklə göstərilir. Birinci qisim hekayələr nəsihətamiz sonluqla bitmə cəhətdən təmsilləri xatırladır. Ağaəli Qasımov “Balaca hekayə”sində tamahkarlığın pislənməsi ilə bağlı əhvalatı nəql etdikdən sonra sonda yazır: “İmdi, balalar! Əgər siz də öz nemətinizə qane olmayıb, qara qul kimi tamahkarlıq edərsinizsə və yainki pullu hacı kimi özgə mal və nemətinə göz dikib, həris olarsınızsa, yəqin ki, axırda sizin də başınıza o toppuzlardan dəyəcəkdir”.

Kitabda yer alan “Vətənim”, “Mərhəmətli ata”, “Qızlarımıza nəsihət”, “Uşaq və ana”, “Quzum”, “Quşun yalvarışı”, “İlan və Zəli” kimi nümunələr nəzmlə yazılmışdır. Rəşid bəy Əfəndizadənin “Qızlarımıza nəsihət” şeiri nəinki forma xüsusiyyətləri ilə, həm də məna tutumu cəhətdən qadın hüquqlarının məhdudlaşdırıldığı keçmişin və onların azadfikirli olmasını təbliğ edən indinin əsəridir. Bu şeir bədbinliklə qadın hüquqsuzluğundan danışmır, “mən gövhərəm, özgələr xiridar” deyib ah-zar etmir. Müəllif üzünü məktəbli qızlara tutub mübarizə ruhlu sətirlər yazır:

Nə vəlidir sənə, qızım, o ata

Ki, səni bəsləyib avama sata?

Verməsə mərifət qıza atası,

Qurtararmı vəbaldan yaxası?

Şeirin ideyası sonda məktəblilər üçün aydın olacaq qədər dil sadəliyi ilə, həm də bu qədər sadəlik içində mücərrəd ümumiləşdirmə ilə bitir:

Ya gərək məhv olaq, batıb-qırılaq,

Ya gərək elm alıb, duraq, yaşayaq!

“Mərhəmətli ata” və “Uşaq və ana” şeirləri isə süjetli olduqlarından mənzum hekayə sayıla bilər. Birincidə qızın ata ilə, ikincidə oğulun ana ilə dialoqu verilir. Bu hekayələrin timsalında bir məqama toxunmaq vacibdir ki, dərgidəki nümunələrdə, əsasən, ataların övladını oxumağa qoymaması və ya övladın atanın onu məktəbə qoymaması ilə bağlı qorxusu var. Anaya qarşı bu münasibət yoxdur. Bu da hekayələrin yazıldığı dövrdə anaların təhsil tərəfdarı olduğunu yox, evdə söz sahibi olmadığını göstərir. “Mərhəmətli ata” hekayəsində ata məktəbə gedən qızları görüb qızından indiyə qədər onu məktəbə qoymadığı üçün üzr istəyir. Bununla şair Əlisəttar bütün valideynləri, xüsusən ataları, gec də olsa, cəhalət yolundan dönməyə səsləyir. Şair şeirin sonunda qızın dilindən deyilən “Atam gözəl ata imiş” misrası ilə valideynlərə sübut etmək istəyir ki, siz o halda övladınızın nəzərində gözəl ata olarsınız ki, onu məktəbə qoyasınız. “Uşaq və ana” şeiri isə etdiyi yaxşılıqdan fərəhlənən uşaq qəlbinin hisslərini və övladı ilə qürurlanıb onu daha da fərəhləndirən ananın düşüncələrini əks etdirir. İki küsülü sinif yoldaşını barışdırdığı üçün həvəslə anasının yanına yüyürüb bunu sevinclə nağıl edən uşağa anası “səd afərin” deyir. Bu epik mənzərə insan xəyalında ana-övlad münasibətlərinin ən xoşbəxt anını canlandırır.

Bəzi əsərlərin məzmununu qısa əks etdirməkdə məqsədimiz mövzuların necə saflıqla, incəliklə işlənməsini göstərməkdir. Bu nümunələrdə hər şey ifratdan uzaqdır. Əmək, elm, dostluq, təbiətə sevginin tərənnümü nə bezdirəcək qədər ifrat, nə də natamam əks olunub. Uşaqların hərtərəfli tərbiyəsinə xidmət edən bu əsərlər müasir pedaqogika və metodika elmlərinin müddəaları ilə səsləşir.

“Məktəb” dərgisində nəşr olunan nümunələrdə şagirdlərdən və valideynlərdən (böyüklərdən) sonra qarşımızda müəllim obrazları durur. Bu müəllimlər təhsil almaq istəyən imkansız uşaqlara lazım olan təlim vasitələrini özləri alırlar (“Məktəb məhəbbəti”), bu müəllimlərin dərs dediyi məktəbi şagirdlər “çiçəkli, güllü bağ” hesab edirlər (“Mərhəmətli ata”), bu müəllimlər uşaqların səhvinə belə əsəbiləşməyib zamanla öyrənəcəyini deyir və valideynləri uşağı məktəbə qoymağa təşviq edirlər (“Əhməd”), bu müəllimlərin dərs dediyi şagirdlər yaxşı oxumaqla yanaşı, oxumaq imkanı məhdud yoldaşları üçün maddi yardım cəmiyyəti yaradırlar (“Uşaqlar cəmiyyəti”)… Bütün bunlar hazırda universitet auditoriyalarında pedaqoji ixtisaslarda bir və ya bir neçə dərs tədris edilən humanist pedaqogika ilə tamamilə səsləşir. Humanist pedaqogikanın banisi Şalva Amonaşvili “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyirdi: “… müəllim hökmən mənəviyyatlı olmalıdır, nələrin baş verməsindən asılı olmayaraq,onda gələcəyə işıqlı inam olmalıdır, sevdiklərinə, şagirdlərinə ürəkdən inanmalıdır… Əgər bunlardan heç biri müəllimdə yoxdursa, onda bu cür müəllim humanist pedaqogikaya yaramır, avtoritar təhsil üçün isə yaraya bilər”. Yüz il əvvəlki Azərbaycan müəlliminin humanistliyini təsvir edən bu hekayələr Şalva Amonaşvilinin on illər sonra nəzəri əsaslarını hazırladığı humanist pedaqogikanın əsas müəddəalarına bizim müəllimlərin hələ yüz il əvvəl praktiki olaraq sahib olduğunu göstərir. “Əhməd” hekayəsində məktəbə ilk dəfə ayaq basan Əhmədin səhvlərinə uşaqlar gülür. Müəllim isə deyir: “Bərəkallah, Əhməd! Dayan, tələsmə, inşallah, bundan sonra hamısını öyrənəcəksən!”

Kitabdakı seçmə nümunələrdə təbiət obrazı da yer alır və uşaqların nəzərində bir növ müqəddəsləşdirilir. Məktəbli təbiətin müqəddəsliyini dərk etsə, onun sonsuz faydalarını anlasa, ona zərər verməz. Bu yaşda uşaq qəlbində təbiətə hörmət kontekstində yaranacaq minnətdarlıq hissi isə şagirdin təbiətlə yanaşı, onun yaxşılığı üçün çalışan müəllimlərə, valideynlərə də qayğı və hörmət göstərməsinə gətirib çıxarar. “Yaxşılıq yaddan çıxmaz” hekayəsində Hadı adlı bir uşaq digər uşaqların bir itin quyruğuna vedrə bağlayıb döyə-döyə incitdiklərini görəndə bu iti uşaqlardan satın alır ki, daha onu incitməsinlər. Bir müddət sonra isə it Hadını yolkəsənlərin əlindən xilas edir. Uşaqların iti döydüyü səhnəni müəllif belə təsvir edir: “…qonşu uşaqları bir iti quyruğuna bir vedrə bağlayıb, vura-vura iti bu tərəfə-o tərəfə çəkirlər. Yazıq heyvan isə o qədər qışqırmış ki, səsi tutulub, ləhləyə-ləhləyə nəfəs alır… Nadinc uşaqlar öz işlərinə davam edib, hər tərəfdən iti kötəkləyirdilər. Yazıq heyvanın zingiltisi göyə çıxırdı…” Bu cümlələri oxuyan nəinki məktəblinin, hətta böyük insanın da səbri daralır və itə nə vaxt kömək olunacağını bilmək üçün səbirsizliklə oxumağa davam edir. Müəllifin uğuru bundadır ki, o bu cümlələrlə oxucularda itə qarşı mərhəmət hissi yaradır. O bu hissi açıq şəkildə təbliğ etmir. Bir növ müəllif ortada yoxdur, “müəllif ölüb”. Amma yaradılan təsvirin canlılığı və nüfuzediciliyi hekayənin ünvanlandığı uşaq auditoriyasına qəlbən təsir etməyə bilməz.

Müasir dövrdə uşaqların əlavə mütaliəyə maraqlarının az olduğunu nəzərə alsaq, onlar üçün hazırda oxuduqları (oxumağa mcbur olduqları) ədəbiyyat nümunələri I-XI sinif Azərbaycan dili və ədəbiyyat dərsliklərində toplanıb. Bu kitablarda kifayət qədər əxlaqi-mənəvi dəyərləri aşılayan mətnlər var. Lakin doldurulması gərəkən boşluqlar da olduğunu nəzərə alaraq “Məktəb” jurnalından transliterasiya olunmuş bu nümunələrin nə vaxtsa məktəb dərsliklərinə salınması məqbul görünür. Məsələn, ədəbiyyat fənni üzrə 2021-ci ildə nəşr olunmuş VI sinif dərsliyində ilk mövzu Rəşid bəy Əfəndiyevin “Elm tükənməz xəzinədir” adlı mətnidir. Müəllif elmin istifadə etdikcə tükənən yox, artan xəzinə olduğunu hansısa əhvalat və ya süjetlə yox, öz fikirləri ilə təlqin edir. Yenə həmin dərsliyin əvvəlində Yusif Balasaqunlunun “Qutadqu bilik” poemasından elmin vacibliyi ilə bağlı nəsihətlərdən ibarət bir parça verilir. Bu nümunələri oxuyan hər kəs bunların VI sinif şagirdinin diqqətini çəkməyəcəyi fikri ilə razılaşar. Lakin “Məktəb” dərgisində elmə səsləyən nümunələrdə məktəbin, bilik öyrənməyin vacibliyini uşaqlar elə öz yaşıdlarından, daim gördükləri müəllimlərindən eşidirlər. Eyni zamanda qeyd etdiyimiz kimi, bu hekayələrdə uşaqlara müsbət dəyərləri aşılamaq istəyən müəlliflər çox vaxt bir qoca kişinin, müəllimin və ya atanın dili ilə hekayənin digər obrazı olan uşağa nəsihət verirlər. Azyaşlı oxucu birbaşa özünə təlqin hiss etmədən əsərdə yaşıdı olan dostuna verilən nəsihətlər vasitəsi ilə  müsbət dəyərləri mənimsəyir, yaşıdının başına gələn hadisələrin əks olunduğu səhnələrdə isə mənəvi-əxlaqi kamilliyin vacibliyini yaş və psixologiyasına uyğun şəkildə başa düşür. Beləliklə, “Məktəb” jurnalı XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında mühüm rol oynamış və bu gün də aktuallığını qoruyan mənəvi, əxlaqi və pedaqoji dəyərlər toplusudur. Jurnalın transliterasiya olunaraq yenidən nəşr edilməsi bu irsin yeni nəslə çatdırılması baxımından əlamətdar hadisədir. Hekayə və şeirlərdə uşaq dünyası ustalıqla təsvir olunduğu üçün bu nümunələrin məktəb dərsliklərinə daxil edilməsi şagirdlərin əxlaqi və sosial inkişafına müsbət təsir göstərə bilər. Jurnalın dəyərləri zamanla köhnəlməyib, əksinə, bu gün üçün də əhəmiyyətlidir. Nəticədə, “Məktəb”dən gələn dəyərlərin keşiyində bu və ya digər formada durmaq hamımızın borcudur.