Beni hor görme, gardaşım.
Sen altınsın, ben tunç muyum?
Aynı vardan var olmuşuz.
Sen gümüşsün, ben sac mıyım?..
Aşıq Veysəl
Mən insanam.
Bunu deyərkən sanki sadə bir söz deyirəmmiş kimi görünür, amma bu kəlmənin içində nə qədər acı, nə qədər sevinc, nə qədər susqunluq və nə qədər hayqırış var, bir bilsən…
Bəzən güldüyümə baxma, içimdə susub qalan neçə söz, heç kimin bilmədiyi neçə mübarizə daşıyıram. Bəzən bizdən xəbərsiz çiyinlərimizə ağır yük qoyurlar: “Sən mütləq güclü olmalısan”. Amma soruşan olmur ki – “Bəlkə, sən yorğunsan?”
Bəzən çox yoruluram, bəzən səhvlər edirəm. Büdrəyirəm, yıxılıram, məni qaldırması üçün Yaradana dualar edirəm. Halbuki qəlbimin dərinliklərində bilirəm ki, Allah öz qulunu – mən zəifi imtahan edir.
Bəzən də səhv etməkdən qorxuram, sanki heç səhv etməyə haqqım yox imiş kimi. Amma mən insanam. Mən qüsurlarımla gözələm. Mən təbiiliyimlə gözələm. Gəlin özümüzə sual verək: Biz kimləri ideal görürük? Cəmiyyətdə müəyyən rola bürünmüş insanlarımı? Yoxsa sadəcə öz içindən gəldiyi kimi davranan insanlarımı?..
Mən insanam, bəzən ağlayıram, bəzən qəzəbli oluram. Biz niyə ancaq əylənməyi, gülməyi sevmişik?
Bəlkə də, əslində, bir çoxumuz kədəri də çox sevir. Mən insanam, bütün emosiyalarımı sevirəm. Onlara yerli-yerində ehtiyacım var.
Bəzən insanların mənə haqsızlıq etdiyini düşünürəm. Ən böyük haqsızlığı məgər özüm özümə etmirəmmi? Heç dincəlməyə haqqım yoxmuş kimi hərəkət edirəm. Yorulanda özümə qəzəblənirəm. Əslində, onun da səbəbi var. Mən içimdə yaşatdığım balaca uşağın xəyalları üçün çabalayıram. O balaca uşaq üçün özündən imtina etməkdi bəzən insan olmaq.
Mən insanam, doğulduğum vaxtdan ölənə qədər yarışdayam. Bəli, yarışdayam. Özü də bilirsiniz kimlərlə? İnsanlarla. Halbuki yarışmaq istəmirdim. Mən dünyaya qonaq kimi gəlmişəm. Dünyanın bütün gözəlliklərindən zövq almaq istəyirəm. Cəmiyyət bizdən daim “ideallıq” tələb edir. Bu vətəndaş qəliblərinin içində çırpınırıq günü-gündən… Həm yaxşı övlad, həm uğurlu tələbə, həm nümunəvi vətəndaş, həm də güclü insan olmalısan. Amma heç kim demir ki, bəzən sadəcə “insan olmaq” da kifayətdir.
Mən insanam, zənginlik deyəndə mənim ağlıma madiyyat gəlməməlidir, bütün hədəflərinə çatmış xoşbəxt insan gəlməlidir.
Bəzən üsyan etmirəm deyə elə bilirlər güclüyəm, amma o an içimdə səssiz fırtınalar qopur. Mən onu açığa çıxaranda mənə “həssas”, ya da “zəif” damğası vururlar. İnsan olmaq biri-birini başa düşmək deyilmi? Empatiya qurmaq deyilmi?
Mən insanam, düşmənimə belə acıyıram. İstəyirəm, bu keçici qısa dünyada hər kəs biri-birilə savaşmaqdansa, həyatın gözəlliklərini dadsın. Mən insanam, torpaq üstündə savaşıram. Bəs nə üçün? Sahib olmaq istədiyimiz torpaq bir gün bizə sahib olmayacaqmı?
Bəzən insanlar cəmiyyətdəki yaşam tərzi haqqında bir hökm verər və o cəmiyyətin yazılı olmayan qanununa çevrilər. Sanki hər kəs həyat təcrübəsi mütəxəssisidir. Harada və necə davranmaq lazımdır, sənə öyrədir.
Amma bir şeyi unudurlar – mən insanam, səhv edərək öyrənirəm. Hər günə dünənimdən daha güclü mən ilə başlayıram.
Bütün bunların nəticəsində mən insanam. Və bu, kifayət qədər dəyərli bir şeydir. Mükəmməl deyiləm, olmaq da istəmirəm. Mən sadəcə “qurdlar süfrəsində” qurd olmaq istəmirəm. Özüm olaraq həyatdan köçmək istəyirəm. Bu həyatı adına layiq yaşamaq istəyirəm. İnsanlardan da tək xahişim bir-birimizin insan olduğunu unutmamaqdır.
Məni qüsurlarımla yarğılama. Başa düşməyə çalış. Mən insanam, elə sən də…



