Bu dəfə xəzan yelləri Mikayıl Müşfiqin “Bu yaz bir başqa yazdır” coşğusunu Musa Yaqubun tənhalığa güzgü olan “Məni bu payızın içindən keçirt” misraları ilə əvəzləyir. Nəbatət bağı. Payızın rəngini alan ağaclardan seçilən Eldar şamı indi daha da fərqli görünür. Bir vaxtlar bu bağda eşidilən uşaq gülüşlərinin yerini də dərin bir sükut alıb. Həmin sükutun içində baxışları yerə düşən payız yarpaqlarına dikilən bir qız dayanıb. Ağacdan ayrılan hər yarpaq onu xatirələr aləminə aparır. Gözlərinin giləsindən süzülüb yarpaqlara qarışan göz yaşında bir şeir əks olunur sanki:
“Mən səni gözləyirəm…
Eləcə dayanmışam Eldar şamının altda
Gör e, adam adında ağaclar var həyatda
Ağacların üstündən yıxılan balacalar böyüyür, igid olur.
Mən səni gözləyirəm, amma indi, bəlkə də,
bu ağacın adaşı Şuşada şəhid olur”.
Elə bu şeir onu 5 il əvvələ qaytarır. Xatirə dumanın içində müharibənin başladığı həmin gün gözünün önündə canlanır:
“2020 ci il, 27 sentyabr. Televiziyada, sosial şəbəkələrdə, həyəcanlı telefon zənglərində eşidilən bir cümlə bütün qəlbləri titrədir. “Müharibə başlayıb…”
Həsrətlə gözləri yol çəkənlərin içində iki hiss yaranır. Canından çox sevdiyini cismən itirmək qorxusu. Sevgiylə bağlandığı Vətən torpaqlarının düşməndən azad olunmasının verəcəyi qürur”.
Arxa cəbhədəkilər içində bu savaşları verən zaman ön cəbhədəkilərin duyğuları da savaşın içində mübarizə aparır. Həmin savaşdan sadəcə bir səhnənin təsviri belə bizə çox şey deyir. Ümidi sönməyən əsgər anasının qarşısında şəhid olmuş övladının xatirəsinə yayılım atəşi açmaq. Bu mənəvi ağrını elə həmin atəşin qığılcımları ifadə edə bilər təkcə…
Xəzan yelindən daha bir yarpaq ayrılıb qızın çiyninə düşüb danışmağa başlayır:
“2020-ci il 8 noyabr. Gecənin sükutunda yazı yazmağa cəhd edən qızın fikri müharibə ilə bağlı xəbərlərin yanındadır. Və nəhayət həmin xəbər gəlir. Qız gözünün içində yaranmış təbəssümlə həmişə ayıq yuxulmağı bacaran anasının yanına qaçır:
– Ana, deyəsən, müharibə qurtardı!”
Elə bu sevinclə telefonunu əlinə alan qızın gördüyü bir paylaşım onun qəlbində izaholunmaz bir boşluq yaradır:
“Qazandığın zəfərlə ən böyük darıxmağı yox edən sən mənə əmanət qoyduğun ən dəyərli nişanənlə birgə hər gün dualarımda yaşayacaqsan”.
Payız küləyi ilə sovrulan sonunucu yarpaq dənəsi qızı xatirələr limanından uzaqlaşdırır. 5 il keçib. O, indi paylaşımını gördüyü qızın ağrısını daha dərindən hiss edir. Axı həmin günün sevincini bölüşdüyü anası da doğmalarının yoluna nur saçan sönməyən ulduzların sırasına qoşulub…
Elə bu düşüncələrlə baş başa qalan qız öz özünə deyir:
– Görəsən, həmin xanım indi hardadır?
Birdən bağda gənc qadın səsi eşidilir:
– Eldar, ora getmə, yıxılarsan! Həmin səsi eşidən qız başını qaldıranda qarşısında gənc ananın baxışlarını görür. Bu gənc ananın həmin qız olduğunu anlayır. Onu tanımaq elə də çətin olmur. Çünki doğmaları ulduzlara çevrilənlər bir-birini sözsüz də duya bilir… Qızın üzündə qeyri-ixtiyari təbəssüm yaranır. Frans Kafkanın balaca qızcığaza yazdığı məktubun sonuncu cümləsi və dinləyəndə itirdiklərini xatırladan bir nəğmə yadına düşür:
“Sevdiyin hər şey itiriləcək, amma sonda sevgi başqa cür geri qayıdacaq”.
“Dünya bir də gətirər səni cahana
Bəlkə, bir gün yetirər məni yanına
Yoxsa yuxular olacaq görüş yerimiz
Ölməsin sevgimiz”.
Günel Natiqqızı



