Məndən sonra hana qurarsan,
bir xalı toxuyarsan…
yeri siyah, naxışı ağ…
Ağlı-qaralı kələflərin düyünlərini,
dolaşıqlarını açıb
Bir xalı toxuyarsan…
yeri siyah, naxışı ağ…
Aylı, ulduzlu gecələrə oxşar.
Arabir xınası getmiş
bəyaz tellərindən ilmələr vurarsan –
naxışlar çoxalsın deyə.
Bir xalı toxuyarsan…
Aylı, ulduzlu gecələrdə
çiçək-çiçək nəvələrini
başına yığıb nağıllar danışarsan…
Ağlı-qaralı, ala-bəzək kəndiri kəsilmiş,
adı Məlikməmməd olmayan oğlandan…
Harınlara kabablıq getmiş
ağ qoçdan, qara qoçdan…
Lələkləri yolunmuş Simurq
quşundan…
Sonra…
Üzünü bəyaz naxışlara söykəyib
şirin-şirin uyumuş körpələri
yatağına qoyub
Söndürərsən işıqları…
Pəncərədən düşən ay işığında
salavat çevirib
bir “Yasin” oxuyarsan
pıçıltıyla…
Məndən sonra hana qurarsan,
bir xalı toxuyarsan…
yeri siyah, naxışı ağ…
Füzuli Sabiroğlu