Almaniya kansleri Fridrix Merz ABŞ və Avropa İttifaqı (Aİ) arasında tarif mübahisəsinə dair razılaşmanın tezliklə əldə ediləcəyinə əminliyini ifadə edərək, Vaşinqtonla yaxın günlərdə və ya ən geci ayın sonuna qədər razılaşma əldə oluna biləcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, Merz bu barədə Bundestaqdakı çıxışında deyib.
“Artıq bir neçə gündür ki, Avropa Komissiyası ilə ABŞ hökuməti arasında intensiv danışıqlar aparılır. Mən də ABŞ hökuməti, prezidenti və Avropa Komissiyası ilə sıx təmasdayam. Bizim məqsədimiz Amerika ilə Avropa İttifaqı arasında qarşılıqlı ticarəti mümkün olan ən aşağı tariflərlə birləşdirəcək ABŞ ilə mümkün qədər tez ticarət razılaşması əldə etməkdir”, – kansler qeyd edib.
Eyni zamanda o, ABŞ hökumətinin hazırkı tələblərini nəzərə alaraq, bu məqsədə nail olmağın asan olmadığını etiraf edib: “Biz buna yalnız Avropa İttifaqı, Avropa Komissiyası ilə birlikdə çalışsaq, nail olacağıq. Mən bunu etməyə çalışıram. Hər halda mən optimistəm ki, yaxın günlərdə, ən geci ayın sonuna kimi ABŞ-la razılığa gələ biləcəyik”.
Kanslerin sözlərinə görə, bu, ilk növbədə Almaniyanın ixracyönümlü iqtisadiyyatının maraqlarına cavab verir: “Bu, kimya, əczaçılıq, maşınqayırma sənayelərinə aiddir. Bu, avtomobil, polad və alüminium sənayelərinə aiddir. Burada çox şey risk altındadır, iş yerləri təhlükə altındadır və ölkəmizin çiçəklənməsi də təhlükə altındadır”.



