Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun idarə heyəti Türkiyənin Azərbaycandakı səfirliyinin qonağı olub. Cənab səfir Birol Akgün və səfirlik heyəti ilə görüş keçirilib.
“Füyuzat”ın məlumatına görə, görüşdə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, Fondun icraçı direktor müavini Kənan Şabıyev, MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu və “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu iştirak edib.
Ortaq dəyərlər haqqında geniş müzakirələr aparılan görüşdə Azərbaycan və Türkiyənin ortaq tarixi mirası, gələcək addımlar barədə müzakirə aparılıb. MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən, eyni zamanda “Füyuzat” və “İşıq” jurnalları, onların tarixi və bugünkü fəaliyyətindən geniş məlumat verilib. Bundan sonrakı hədəf və məqsədlər, MİMTA Fondunun milli dəyərlərin təbliği istiqamətində atılacaq addımlarından danışılıb.
Göstərdikləri qonaqpərvərliyə görə səfirə təşəkkürünü bildirən qonaqlar yeni çapdan çıxmış “Dirilik” məcmuəsi və “İşıq” dərgisinin transliterasiya toplusunu, “Füyuzat” və “İşıq” jurnallarını səfirliyə hədiyyə edib.


