Bu yazıda natiqlik üzrə kouç Coşqun Kərimovun MİMTA Yayımları tərəfindən çap edilən “Danış görək” kitabında nələrdən bəhs edildiyindən danışacağıq.
“Danış, dinləsinlər.
Danış, dəyişsinlər”.
Kitabda nitqimizi aydın, anlaşıqlı, ifadəli etmək üçün 10 qızıl qayda qeyd olunub.
Savadlı və istedadlı insanın nitqinə hər kəs qulaq asmaq istəyir. Bəs bu isteada malik olmayan insan bunu qazana bilərmi, bilərsə, bunun üçün nələri etməlidir? Kitab bizə bu yolda mayak olacaq, zehnimizi aydınladacaq.
“Natiqlik sənəti nədir?” “Bu sənətə necə yiyələnmək olar?” “Nitqimizi düzəltmək üçün hansı məşqləri etməliyik?” kimi suallar kitabda öz əksini tapıb.
Kütlə qarşısında çıxış edərkən Aristotelin ritorika üçbucağından istifadə etməklə nitqimizi daha da təsirli edə bilərik. Bəs bu üçbucağa nələr daxildir?
Nitq özümüzü cəmiyyətə tanıtdırmaqda çox önəmli faktordur. Çünki ağzımızı açıb danışdıqda artıq bizi tanımayan insanlarda müsbət və ya mənfi cəhətdən fikir formalaşır. Buna görə də nitqimizdə uzunçuluğa yer verməməli, aydın, anlaşıqlı şəkildə danışmalı, dolğun cümlələr istifadə etməliyik. Kvintilian demişkən, elə danış ki, başa düşməyə bilməsinlər.
Hər hansı bir mövzu ilə bağlı çıxış edərkən faktlarla danışmağa üstünlük vermək lazımdır, çünki bu zaman insanların diqqəti və marağı danışanda cəmlənir. Bir sözlə belə insanların sona qədər bizi dinləməsinə şərait yarada bilərik, lakin necə? Bununla bağlı Coşqun bəyin kitabdakı qeydlərini görə bilərik.
Bəs nitqimizin gözəl olması üçün yalnız kitab oxumaq, mütaliə etmək kifayətdirmi? Kitab oxumaq qədər filmə baxmaq da nitqimizə təsir edirmi? Kitabda bununla bağlı ətraflı məlumat verilib.
“SMART metodu nədir?”, “Qarşımıza qoyduğumuz hədəfi bu metodla həyata keçirsək, hansı üstünlükləri əldə edə bilərik?” kimi sualların cavabları da kitabda əks olunub.
Kitabda çıxışın necə hazırlanmalı olduğu, auditoriyanı necə əla ala biləcəyimizin sirləri, peşəkar redaktə etmək üçün hansı bacarıqlara yiyələnməyimiz, enerjimizi necə idarə edəcəyimiz və bunun bizə necə təsir edəcəyi və s. ilə bağlı ətraflı məlumat da qeyd olunub.



