Azərbaycanın tanınmış mütəfəkkiri, görkəmli ictimai-siyasi xadimlərindən biri Mirzə Bala Məmmədzadənin həyat və fəaliyyətlərindən bəhs edən “Mirzə Bala Məmmədzadə və Azərbaycan siyasi düşüncə tarixi” kitabı nəşr olunub.
“Füyuzat”ın məlumatına görə, kitab Millli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun layihəsi ilə MİMTA Yayımları tərəfindən çap edilib.
Tarixçi-alim Əfqan Vəliyevin müəllifi olduğu kitab Mirzə Bala Məmmədzadə və onun Azərbaycanın siyasi düşüncə tarixindəki rolundan bəhs edir. Kitab müəllifin illər ərzində ərsəyə gətirdiyi sosioloji-tarixi bir araşdırmadır.
Tədqiqat işinin mövzusu mübarizələrlə dolu ömrünü Azərbaycan, Türkiyə və müxtəlif Avropa ölkələrində keçirən, milli düşüncə və müstəqillik tariximizdə dərin iz qoyan M.B.Məmmədzadənin həyat və fəaliyyəti, onun mücadilə yoldaşları ilə əlaqələri və bütün bunların fonunda milli məfkurənin siyasi-ideoloji, mənəvi əsasları təşkil edir.
Kitab siyasi tarix, sosiologiya, mühacirət ədəbiyyatı, mətbuat tarixi ilə məşğul olan tədqiqatçılar, eləcə də milli dövlətçilik ideologiyası ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.