Xəbərlər

Misirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Azərbaycanın Misirdəki səfirliyində bu ölkədəki Azərbaycan icmasının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən səfir Elxan Poluxov qarşıdan gələn bayramlar münasibətilə iştirakçıları təbrik edib, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün xalqımızın milli birlik tarixində əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu əlamətdar gün azərbaycançılıq düşüncəsi ətrafında birliyimizə istiqamət verib.

Xarici ölkələrdə yaşayan soydaşlarımızın uğurlarının hər birimizi sevindirdiyini bildirən diplomat Azərbaycan naminə fəal işin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Ötüb keçməkdə olan ilin ölkəmizin tarixində əlamətdar hadisələrlə zəngin olduğunu diqqətə çatdıran səfir Azərbaycan-Misir əlaqələrinin inkişafı baxımından bu il baş vermiş əhəmiyyətli siyasi və iqtisadi tədbirlərə toxunub. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ və Misir prezidentlərinin dəvəti ilə Şarm əl-Şeyxdə Qəzzə zolağının müharibədən sonrakı vəziyyətinə həsr edilmiş böyük beynəlxalq sammitdə iştirakı mühüm hadisə olub. Bu yaxınlarda Qahirədə keçirilmiş Azərbaycan ilə Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclasının iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inam ifadə olunub.

Misirdə bir məktəbdə Azərbaycan dili kursunun fəaliyyətə başladığını qeyd edən səfir bunun dilimizə və ədəbiyyatımıza olan marağın göstəricisi olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycan dili artıq Misirin bir neçə universitetində və Misir-Azərbaycan Dostluq Cəmiyyətində tədris olunur.

İkitərəfli elmi əlaqələrə toxunan diplomat Misir kitabxanalarında Azərbaycan tarixinə, ədəbiyyatına dair qiymətli əlyazmaların tədqiqata cəlb edilməsinin əhəmiyyətini vurğulayıb və bu sahədə səfirliyin lazım olan dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Bundan başqa, səfir bu yaxınlarda Qahirə ilə Bakı arasında açılmış birbaşa təyyarə uçuşlarının ölkələrimizin turizm potensialının daha da inkişafına töhfə verə biləcəyinə əminliyini bildirib.

Tədbirdən sonra qonaqlar üçün ziyafət təşkil edilib.