Həm elm adamlarının, həm də konspirasiya həvəskarlarının maraq dairəsində olan, sirlərlə əhatə olunmuş bir bölgə – Bermud üçbucağı.
Bermud üçbucağı Atlantik okeanının qərb hissəsində yerləşən və çox sayda gəmi və təyyarənin yoxa çıxması ilə tanınan bir ərazidir. Bu yer təxminən ABŞ-ın Florida ştatı, Bermud adası və Puerto-Rikonun vəhdətində yerləşir. Bu əraziləri birləşdirəndə təqribən üçbucaq formalı bir bölgə yaranır, buna görə də adına Bermud üçbucağı deyilir.
Bermud üçbucağının qeyri-adiliyi ondadır ki, gəmi və təyyarələr məhz burada müəammalı bir şəkildə yoxa çıxır, sonradan aşkar ediləndə isə içərisindəki insanlardan heç bir izi-soraq olmur. Buna görə də insanlar Bermud üçbucağı haqqında çoxlu rəvayət və əfsanə yaradıblar.
Bermud üçbucağı ilə bağlı əsas iddialar bu şəkildədir: bu ərazidə rabitə cihazları işləməməyə başlayır və kompaslar səhv göstərir, hava şəraiti birdən-birə dəyişir, təyyarələr və gəmilər havada və ya dənizdə mistik şəkildə yoxa çıxır. Düzdür, çoxları bu təyyarə və gəmilərin bu bölgədə pilot və kapitanların yol verdikləri səhvlərə görə qəzaya uğradığını düşünürlər. Lakin bəziləri bu hadisələri həmin zonadakı müxtəlif anomaliyalar ilə də bağlayırlar.
Bəzi alimlər Bermud üçbucağı zonasındakı itkiləri dünya okeanının əsas cərəyanlarından biri olan Holfstrimlə əlaqələndirirlər.
Bermud üçbucağı zonasında tez-tez sərt tropik siklonlar, fırtınalar və qasırğalar müşahidə olunur. Qəfildən baş verən bu təbiət hadisələri kiçik gəmilərin fəlakətinə çevrilir.
Bəziləri hesab edir ki, itkin düşən təyyarə və gəmilər zaman boşluğuna düşür. Onlar öz yerində olur, amma tamamilə başqa zamanda. Tapılmayan gəmilər sadəcə bu tələdən çıxa bilmir.
Ümumiyyətlə, Bermud üçbucağı ərazisində müəmmalı hadisələr çox olub və heç kəs bunu təkzib edə bilməz. Bu bölgədə müəmmalı yoxaçıxma halları getdikcə daha da çoxalır.
Ərazidə olan ən məşhur hadisələrə 1945-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin 5 bombardman təyyarəsi “Flight 19” və onları axtaran bir təyyarənin yoxa çıxmasını, 1918-ci ildə isə “USS Cyclops” adlı 300-dən çox insanın olduğu böyük bir ABŞ donanma gəmisinin qeyblərə qarışmasını, 1976-cı ildə “Sylvia L.Ossa” adlı 590 fut uzunluğunda yük gəmisinin Bermudun qərbinə doğru yola düşərək itməsini və s. misal göstərə bilərik.
Bütün olanlar sübut edir ki, Bermud üçbucağı çoxlu mif və sirlə əhatə olunmuş bir bölgədir. Şahidlər bildirirlər ki, son 100 ildə Bermud üçbucağı zonasında təqribən 100 gəmi və təyyarə itib. Bundan əlavə, elə hallar olub ki, heyət üzvləri yaxşı vəziyyətdə olan gəmiləri tərk etmək məcburiyyətində qalıblar. Ən maraqlı cəhət isə budur ki, müasir texnologiya və elmi araşdırmaların inkişafı ilə bu bölgədəki hadisələrin əksəriyyəti artıq təbii və məntiqi səbəblərlə izah olunur.
Qeyd edək ki, Bermud üçbucağı ilə bağlı çoxlu sayda filmlər çəkilmiş, kitablar yazılmışdır.
Ləman Vahid