Problemlər təcili həll edilməli, çox iş görülməlidir. Bu 12 gün ərzində danışıqlar çətin olacaq, lakin fikir ayrılıqları aradan qaldırılmalıdır.
“Füyuzat”ın məlumatına görə, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində bildirib.
“Biz siyasi və maliyyə məhdudiyyətlərini başa düşürük, lakin bu investisiyalar özünü doğruldacaq”, – o bildirib.
COP29 prezidenti qeyd edib ki, hər şeyin əsasını şəffaflıq təşkil etməlidir:
“Şəffaflıq üzrə ilk hesabat bu il təqdim ediləcək. Azərbaycan qlobal problemləri həll etməyə hazırdır. Biz, həmçinin İtkilər və Zərərlər Fondu üzrə işləri irəli aparmaq üçün bütün səylərimizi göstərdik. Bu, bütün fondlara aiddir və iqlim dəyişikliyindən ən çox əziyyət çəkən icmaları dəstəkləmək üçün fundamental əhəmiyyət kəsb edir.
Bu gün Beynəlxalq Enerji Agentliyi ilə sənədlər dərc etdik. Bütün tərəfləri 2030-cu ilə qədər karbonun saxlanmasını 6 dəfə artırmağa, ərzaq itkisini azaltmağa çağırdıq. COP29-dan sonra gələcək yolu müəyyən etmək üçün ABŞ və Çinlə birgə sammit keçirəcəyik”.