Füyuzat 144 Yunus Müşfiq

Nabat həyat deməkdir

Son dövrlərdə kinomuzda sükutun ritmini dinlədiyimiz, səssizliyin danışdığı, müharibə səhnələri olmadan, sadə dillə, estetikası ecazkar, yeni nəslə bir ümid qapısı olan, insanın təklikdə belə xalqın dirənişini özündə daşıdığı, “arthaus” adlandıra biləcəyimiz “Nabat” filmi… Bu film bəşəri olmaqla yanaşı, Azərbaycan kinosunun beynəlxalq festivallarda adının çəkildiyi zirvələrdən biridir. “Nabat”ı çıraqları yandıran, ümidləri qığılcımlandıran, müasir kinomuzun, bəlkə də, xilaskarı adlandırmaq olar. Bu film vizual dildən istifadə edərək, daxildən gələn istəklə, “göstər, demə” prinsipinə sadiq qalıb. Bu ekran əsəri sadəcə müharibəni təsvir etmir – Nabatın səssizliyə məhkum olunduğu zaman həyatın necə davam etdiyini, dağılan evlərin divarları arasında qalan ümidin son nəfəsini sənətkarlıqla əks etdirir.

Filmin hekayəsi müharibənin bütün amansızlığı ilə hiss olunmağa başladığı Qarabağın kiçik bir kəndində baş verir. Nabatla İsgəndər yaşlı cütlükdür. İsgəndərin səhhəti günü-gündən ağırlaşır. Yoldaşı həm ona qulluq edir, həm də gündəlik məişət işləri ilə məşğuldur. Oğullarını müharibədə itiriblər, bir-birinə sarılaraq yaşayışlarını davam etdirir, kəndin kənarında, əhalidən təcrid olunmuş vəziyyətdə ömür sürürlər. Yeganə dolanışıq mənbələri isə bircə inəkdir. Əldə etdikləri süd həm simvolik, həm də real anlam daşıyır, sataraq cüzi də olsa, gəlir əldə edirlər. Lakin bir müddət sonra müharibə bu kənddən də yan keçmir, insanlar bir-bir buranı tərk etməyə başlayırlar. İctimai həyatın dağılması ilə görünən kəndin boşaldılması prosesi Nabatı gözləyən faciəvi dönəmin başlanğıcı idi…

Filmin ideyası, müəllifin sözlərinə görə, hələ 90-cı illərdə, Qarabağ döyüşlərinin getdiyi dövrə dayanır. Rejissor Elçin Musaoğlu veriliş izləyərkən jurnalist zəlzələ baş vermiş kənddə bir inəyi olan qoca qarıdan buranı niyə tərk etmədiyini soruşur. O isə belə söyləyir: “Mən buranı necə qoyub gedim? Oğlumun, ərimin məzarı burdadır, bura mənim torpağımdır”. Bu cavabdan yola çıxan rejissor ideyanı qələmin mürəkkəbi ilə həm kağıza, həm də yaddaşına həkk edir. Sonralar “Telefilm” studiyasında çalışarkən qaçqın şəhərciklərinə gedərək orada insanlarla görüşüb buna bənzər başqa hadisələri də dinləyən rejissor öz hekayəsini daha da zənginləşdirir. Rejissorun təklifi ilə atası yazıçı Musa Quluzadə “Qarı və qartal” povestini yazır. İllər sonra Elçin Musaoğlu da dostu Elxan Nəbiyevlə birlikdə filmin ssenarisini yazaraq 2014-cü ildə arzusunu gerçəkləşdirir. Filmin yaradıcı heyətində vizual estetikaya quruluş verən iranlı operator Əbdülrəhim Bəşəratın, quruluşçu rəssam Şahin Həsənlinin adını görmək mümkündür. Bəstəkar Hamed Sabet isə “Nabat” adının anlamını daşıyan filmə “həyat” verənlərdən biridir. Onun musiqisi ilə Nabat obrazına hopan təsir, sintez çox uğurlu alınıb.

Filmin çəkilişləri İsmayıllı rayonunun Həftəsiyab kəndində lentə alınıb. Uzun müddət bir çox bölgələri gəzib axtardıqdan sonra rejissor Elçin Musaoğlu buranı təbii və detallı təsvirinin əks olunacağını hiss edərək seçib. Belə bir yerin seçilməsi Qarabağ müharibəsinin təsirlərini və Azərbaycan qadınının dözümlülüyünü əks etdirən hekayənin vizual və emosional təsirini gücləndirir. Baş rolda çıxış edən, İrandan dəvət edilən Fatimə Motamed Arya obrazını, Vidadi Əliyev isə xəstə rolunu məharətlə və inandırıcı canlandırıb. Motamed Arya müsahibələrinin birində “Nabat” filmi barədə ürəyindən keçən sözləri səmimi şəkildə etiraf edib: “Filmin ssenarisini, hadisənin lentə alındığı yeri, Nabat obrazını çox bəyəndim, sözün həqiqi mənasında, çox sevdim. Nabata olan məhəbbətim nəticəsində Azərbaycan dilini öyrəndim. Çəkilişlər zamanı isə özümü əsl Azərbaycan qadını kimi hiss edirdim. Düşünürəm ki, bir Nabat olaraq mən artıq azərbaycanlıyam”.

Filmin adı təsadüfən “Nabat” qoyulmayıb…

Davamı…