Xəbərlər

Nadir İsmayılov ilə BRTK İdarə Heyəti sədri Özdemir Tokel arasında görüş olub

Konfrans üçün Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edən Azərbaycan heyətinin üzvlərindən olan jurnalist, Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının katibi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyini (CASCFEN) sədri Nadir İsmayılov Bayraq Radio Televiziya Qurumunu (BRTK) ziyarət edərək İdarə Heyəti sədri Özdemir Tokel ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, görüş zamanı Özdemir Tokel Nadir İsmayılovu KKTC-də qonaq etməkdən böyük məmnunluq hissi duyduğunu qeyd edib.

O, Azərbaycan mediası ilə ŞKTC mediası arasındakı əlaqələrin möhkəmləndirilməsi naminə aparılan işlərin, göstərilən dəstəyin yayılan xəbərlərlə Kipr türk xalqının səsinin Azərbaycanda da yayılmasına yönəlmiş addımların son dərəcə önəmli olmasından bəhs edib.

Özdemir Tikel Azərbaycan dövlətinin ŞKTC-yə göstərdiyi dəstəyi xatırladaraq prezident İlham Əliyevə xüsusi təşəkkürlərini bildirib.

ŞKTC-nin Azərbaycandan bir fərqi olmadığını deyən Nadir İsmayılov isə “bizim üçün ŞKTC demək, Azərbaycan deməkdir” deyə bildirib. O, Şimali Kipr ilə birgə əməkdaşlığın müsbət istiqamətdə irəliləməsindən bəhs edərək, ziyarət müddətində də bu əmakdaşlığın inkişafına dair yeni çalışmaların aparıldığını qeyd edib.

Nadir İsmayılov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ŞKTC-də təşkil olunan “Bizim ailəmiz türk dünyasıdır” adlı konfransı xatırladaraq bildirib: “Dövlət siyasətimizdə türk dünyasına özəl diqqət və yanaşma var. Arzu edirəm ki, Şimali Kipr və Azərbaycanın qeyri-hökumət təşkilatları gələcəkdə bir platformada təmsil olunsunlar”.