Xəbərlər

Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçiriləcək

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə 30 oktyabr–5 noyabr tarixlərində Naxçıvan Şahmat Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat üzrə Naxçıvan reytinq turniri keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, “İsveçrə” sistemi üzrə 9 turdan ibarət turnirdə FIDE ID hesabı olan hər bir kəs iştirak edə bilər. 

Turnirdə iştirak etmək istəyən şahmatçılar yarış elan olunduğu gündən etibarən 30 oktyabr saat 14:00-dək Naxçıvan Şahmat Mərkəzinə müraciət etməklə və ya 0556080828 nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərlər. 

Turnirin gündəlik nəticələri və xal cədvəli www.chess-results.com saytında yerləşdiriləcək.

Yekun nəticələrə əsasən, I yerin qalibinə 500, II 300, III qalibə isə 150 manat pul mükafatı, kubok, medal və diplomlar təqdim olunacaq. Həmçinin 8, 10, 12,14 yaşadək şahmatçılar arasında hər yaş kateqoriyası üzrə ən çox xal toplayan şahmatçılar əlavə olaraq 50 manat pul və diplomla mükafatlandırılacaqlar. 

Qeyd edək ki, turnirin təşkilində məqsəd Zəfər Gününün qeyd olunması ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında şahmatın təbliği və inkişafına, şahmatçıların oyun təcrübəsinin və beynəlxalq reytinqinin artırılmasına nail olmaqdır.