Naxçıvanım…
Naxçıvanım… Dağların qoynunda ana şəfqətindən mərhum diyarım. Dağlar o qədər yaxın və həzin, hər bir daşında bir fəsil yaşanmışdır. Dağlar qoynunda həsrət var, sozalmış gözlər var hər an gözləyən. Hər əsən külək gözlərindəki vüsalı qanadına alaraq dağlara qədər əsir, sonra… sonra gözləyir.
Naxçıvanım… sevdanın beşiyi torpağım. Burada hər an bir xatirə, hər nəfəs bir ağrıdır. Çiçəklər burada həzin bir mahnı oxuyur, hər nəğmə ayrılığı, həsrəti pıçıldayır küləklərə…
Naxçıvanım… Hər küncdə bir sevda, hər gün batımında bir gözyaşı var, hər səhər günəşin ilk işıqları yavaş-yavaş yüksəlir qanad açan quşlar kimi, sanki mənim içimdəki həsrəti hayqırır dağlara.
Naxçıvanım… Azərbaycanın qəlbi, tarixin şahidi, minillərin yadigarı, əzəli torpağım. Amma bu torpaq uzun illər boyu öz doğma yurdundan ayrı düşdü. Bir tərəfdə Azərbaycan – o biri tərəfdə isə Naxçıvan. Bir vətənin iki parçası, lakin aralarında sərhədlər, bağlanmış yollar, çəkilmiş məftillər…
Naxçıvan Azərbaycandan ayrı düşdü
Biz naxçıvanlılar öz doğma torpaqlarımızda olsaq da, Vətənin qalan hissəsindən ayrı düşmüşük, sərhəd məhdudiyyətləri, düşmən blokadası, bağlanan yollar həyatımızın bir parçasına çevrilib. Artıq Naxçıvandan çıxan yol düşmən torpaqlarının arasından keçir. Rusiyanın əlaltısı kimi tarix boyunca özünə yer etməyi hədəf edən Ermənistan sovetləşdikdən sonra öz məkrli siyasətindən dönmədi, sovet rəhbərliyinin də apardığı anti-Azərbaycan siyasətinin məntiqi nəticəsi kimi 1920-ci illərdə Zəngəzur ərazisinin çox böyük hissəsi Ermənistana verildi. Bununla Azərbaycanın tarixi torpaqları hesabına Ermənistan SSR-nin tərkibində Zəngəzur qəzası yaradıldı. Zəngəzurun Ermənistana verilməsi prosesi illərlə davam etdi, ən son mərhələdə uydurma Meğri qəzasının yaradılması və Ermənistana güzəştə gedilməsi ilə Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşdü. Həmin dövrdə naxçıvanlıların kəskin etirazı bu acı müqəddərata mane ola bilmədi. Ona görə də bu məsələlərdən bəhs edən ümummilli lider Heydər Əliyev deyirdi: “Əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də, Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi” (12 fevral 1999-cu il). Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti Naxçıvanı daha da təcrid etdi. Bakı ilə Naxçıvan arasındakı yollar, qaz xəttləri bağlandı, dəmir yolları, elektrik enerjisi kəsildi. Blokada illərində naxçıvanlılar aclıqla, soyuqla, yoxsulluqla mübarizə aparırdılar. Elektrik enerjisi kəsilir, ərzaq çatışmazlığı yaşanır, kommunikasiyalar bağlanırdı. İnsanlar bir parça çörək üçün saatlarla növbələrə dayanırdılar. Amma onların ən böyük acısı bu deyildi – ən böyük acı Vətəndən ayrı düşmək idi. Ümumilli lider Heydər Əliyev erməni təcavüzü qarşısında Naxçıvanı qorudu. O, blokadanın aradan qaldırılması üçün Türkiyə ilə əlaqələr yaratdı. 1992-ci ildə Araz çayı üzərində “Ümid” körpüsü inşa olundu. Bu körpü təkcə fiziki bir yol deyildi – bu, Naxçıvanın nəfəs borusu idi. Lakin bu addım da qovuşma demək deyildi, çünki Bakıdan gələn qatarlara minmək hələ də mümkün deyildi, vətənin bir parçası yenə də ayrılıqda idi…
Ayrılığın ağrısı
Hər bir naxçıvanlının qəlbində saxladığı bir qırğınlıq, gözlərinin dərinliklərində nigarançılıq və yadlıq duyğusu, bir çəkingənlik hissi vardır. Zaman-zaman qarşılaşdığımız hadisələr buna əyani təsdiqdir əslində, qarşımızdakı insanlar üçün bu adi olsa da, bizim qəlbimizdəki bu, yadlıq duyğusunu daimi qabardan və nigarançılıq hissini, ayrılıq reallığını təkrar-təkrar xatırladan hadisələr idi. Hərbi xidmətdə olanlar yaxşı xatırlayar, orada naxçıvanlı əsgər və zabitlərlə yanaşı Azərbaycanın digər bölgələrindən gələnlər də xidmət aparırlar, amma orada bir naxçıvanlı və bir bakılı anlayışı var. Yeni gələn əsgər və zabitlərə haralı olduğunu öyrənmək üçün bu sualı verirlər: “Naxçıvandansan ya Bakıdan?”. Naxçıvan xaric hər yer onlar üçün Bakıdır. Digər bölgələrdən olan qohumlar-tanışlar hər dəfəsində “o vaxt sizdə işıq var idi? Yol var idi?”, “bilet tapa bilirsiz?”, “gələndə İranda çox əziyyət çəkmirsiz ki?”, “xarici dövlətdən keçib bura gəlmək sizin üçün çox yorucu olmur?”, “O tərəfdə həyat necədir?” və.s sanki yad bir ölkədən bəhs edilirmiş kimi suallar verəndə hər dəfə bu nigarançılıq hissi yenidən alovlanır. Təbii qarşımızdakı hiss etmir bunu, bu hisslərin nə demək olduğunu ancaq naxçıvanlılar anlaya bilər. Öz vətənində qəriblik hissini ancaq naxçıvanlılar bilər.
Tarixi zəfərin yolu
Tarixin yaddaşına qanla, qəhrəmanlıqla və əzmlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının uzun illər həsrətində olduğu qələbəni gətirdi. 2020-ci ilin payızında başlayan bu müharibə, yalnız işğal altındakı torpaqların azad edilməsi deyil, həm də milli qürurun bərpası idi. Bütün beynəlxalq təşkilatların, dünyanın göz yumduğu ədalətsizliyə qəhrəman əsgərlərimizin misilsiz şücaəti nəticəsində son qoyuldu, onillərlə gözlənilən ədalət “dəmir yumruğ”un gücü ilə 44 gün ərzində döyüş meydanında bərqərar oldu. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla Ermənistan məğlubiyyətini qəbul etdi və kaputilyasiya aktına imza ataraq işğal altındakı torpaqlardan geri çəkilməyə məcbur oldu. Bu tarixi zəfərin Azərbaycan üçün çox böyük tarixi və mənəvi mənası var idi, lakin ən mühüm nəticələrindən biri həmin bəyanatın sonuncu maddəsində qeyd olunurdu. Bu yol sadəcə daşdan, torpaqdan, asfaltdan ibarət deyil, göz yaşlarından, qan izlərindən, illərlə çəkilmiş həsrətdən yoğrulmuş, qisası alınmış şəhid ruhlarının müşayiət etdiyi, hər addımda azadlığın nəfəsinin duyulduğu yol idi. II Qarabağ müharibəsi və onun nəticəsi olan Zəngəzur dəhlizi, Azərbaycanın yalnız döyüş meydanında deyil, siyasi və iqtisadi arenada da qazandığı böyük bir uğurdur. Bu zəfər yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də möhkəm bir təməl yaratdı.
Zəngəzur dəhlizi adlı “həsrət cığırı”
İllər boyunca Naxçıvan və Azərbaycanın digər quru ərazilərinin qəlbi birləşməyə, bir yerdə döyünməyə həsrət qalmışdı. Zəngəzur – bir zamanlar bu birliyi təmin edən torpaq, indi isə böyük bir həsrətə çevrilmişdi. Yollar bağlı, sərhədlər sərt idi. Hər bir naxçıvanlının ürəyində bir boşluq, bir yara var idi. Bu torpaq yalnız coğrafi deyil, eyni zamanda emosional bir səddi təmsil edirdi.
Ancaq bu gün… Zəngəzur Dəhlizi artıq bir həsrət cığırına çevrilib! O, təkcə torpaqları birləşdirmir, insanları qovuşdurur. Tarixin səhifələrindən silinməyən o bağlanmış yollar, bu gün yenidən açılır. Həsrətə son verilir, qovuşmağa başlanır. O cığır artıq illərlə qovuşmağa həsrət qalmış torpaqları deyil, iki bağlı ürəyi birləşdirən bir yol olur. Zəngəzur dəhlizi artıq səhra deyil, bir kəmər kimi gələcək üçün ümid verən bir işıqdır. Naxçıvan və Azərbaycanın geri qalan hissəsi arasında qurulacaq bu yol, yalnız bir coğrafi keçid deyil, həm də illərlə itirilmiş ümidin geri dönüşüdür. Həsrət cığırı artıq açılır və bütöv Azərbaycan üçün yeni bir səhifə başlayır!
Naxçıvan və naxçıvanlılar üçün tarixi günlərdir. Naxçıvanlılar bu günü illərlə gözləyirdilər. O gün yaxınlaşır. Bir gün Bakıdan çıxan qatar Naxçıvana çatacaq. Bir gün Qarabağdan gələn yollar Naxçıvana açılacaq. Bir gün insanlar sərhədlərə baxmadan, günlərlə təyyarəyə bilet gözləmədən, maneəsiz, rahat şəkildə öz evlərinə, doğmalarına qovuşacaq.
Bu, sadəcə bir yolun açılması deyil – bu, bir xalqın birləşməsi, Azərbaycanın tam olmasıdır.
Artıq soruşan olmayacaq: “Sizdə işıq olurdu?”
Çünki Naxçıvanın işığı elektrik naqillərində yox, xalqın iradəsində idi. Gecələr qaranlıq ola bilərdi, amma o torpağın insanları qaranlığa uduzmadı. Kəndlər şam işığında işıqlandı, amma ümid heç vaxt sönmədi. Bəzən o işıq zəif yandı, bəzən titrədi, amma heç vaxt tam sönmədi…
Artıq soruşan olmayacaq: “Sən Bakıya gedəndə İran yolu əziyyət olmur?”
Çünki yollar açılacaq, amma qəlblərdəki bağ heç vaxt bağlanmamışdı. Bəlkə, torpaqlar ayrılmışdı, amma dualar heç vaxt ayrılmamışdı. Yollar sərhəddə ilişib qalsa da, dualar illər öncə varacağı yerə çatmışdı…
Artıq soruşan olmayacaq: “Naxçıvan hələ də gözləyir?”
Çünki gözləyən torpaqlar, qovuşan qəlblər kimi sevinəcək. Çünki yollar çəkiləcək, amma həsrət illərin dərinliyində unudulmayacaq. Çünki bu ayrılıq bir tarix idi, amma gələcək artıq qovuşmaqdır!
Artıq soruşan olmayacaq: “Naxçıvandansan, yoxsa Bakıdan?”
Çünki cavab birdir: “MƏN AZƏRBAYCANLIYAM!”
Emin Zeynalov
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşı,
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi