Qarabağ ətrafında bitmək bilməyən “bəyanat savaşı”, paralelində bölgədə yaşanan hərbi hərəkətlənmələr, Ermənistan tərəfinin Azərbaycanla sərhəddə texnika daşıması, Azərbaycanın hərbi təlimlər keçirməsi və s. deməyə əsas verir ki, hər iki tərəf ən pis ssenariyə – “bəyanat savaşı”nın real qarşıdurmalara çevrilməsi ehtimallarına da hazırdır.
Bəs, yaxşı, Azərbaycan və Ermənistanın bu hazırlıqları fonunda regionda maraqları olan böyük dövlətlər nə istəyir?
Rusiya qarşıdurmadan yanadır. Çünki baş tutacaq əməliyyatlar iki effektiv nəticə doğa bilər: Birincisi, Paşinyan növbəti dəfə məğlub olacaq, bu, onun devrilməsi üçün narazı kütlənin sayında artıma yol açacaq, ikincisi, Paşinyandan sonra yenidən rusmeyilli qüvvəyə inam yaranacaq, rusmeyilli qüvvə İrəvanda iqtidara gəlməklə yenidən Ermənistan dövləti Rusiyanın “proyekt”i kimi çıxış etməyə davam edəcək. Və Qarabağda rusların dəstəyi ilə ermənilər yenidən silahlanacaq, nəticə etibarilə Qarabağın taleyi yenidən Moskvanın iradəsindən asılı olacaq.
Türkiyə Azərbaycanın gücünü artırdığı, Qafqazda dominant qüvvəyə çevrildiyi status-kvonu qorumaq üçün Qarabağ probleminin tam həllindən yanadır. Ankara çalışır ki, Qarabağda yekun nəticə əldə edilsin, bölgədə münaqişə bitsin və Türkiyənin Cənubi Qafqazdakı əsas rəqibi – ruslar effektiv təsir vasitəsini, yəni “Qarabağ kartı”nı itirmiş olsun. Ona görə də Ankara ermənilərin anlamadığı dinc reallıqlar fonunda hərbi qarşıdurmadan yana olacaq.
ABŞ, Qərb bloku ölkələrindən verilən bəyanatlardan belə nəticəyə gəlirik ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə barışan bu dövlətlər bölgədə möhkəmlənmək üçün tək şanslarının sabitlik olduğunun fərqindədirlər. Böyük Britaniya özünün iqtisadi-siyasi maraqları naminə, ABŞ isə dünyanın “tək dövləti” prizmasından Rusiya və Türkiyənin Cənubi Qafqazda hegemon söz sahibi bir vəziyyətə gəlməsini istəmirlər. Çünki regionun əsas aktorları kimi Türkiyə və Rusiya hərbi qarşıdurma şəraitində Qafqazda mövqelərini daha da gücləndirir, başda Fransa olmaqla Qərbin dayaqları sarsılır, onların oyuncağına çevrilən Paşinyan iqtidarı məğlub olur. Paşinyan məğlub olduqca isə Ermənistan dövlətinin süqutu yaxınlaşır, Qafqazda yenidən Azərbaycan dövlətçiliyi özünün geniş sərhədlərinə doğru böyüyür. Yəni Qafqazda Azərbaycan–Türkiyə–Rusiya tandemi formalaşa bilər ki, bu, Qərb üçün qorxulu yuxudur.
Məhz buna görə də Qərb, Rusiya və Türkiyədən verilən bəyanatlardan çıxardığımız nəticə yeni bir nəticəni hasil edir.
Deyəsən, Qərbdə Azərbaycanın Zəngəzura müdaxiləsi ehtimalları düşünülür. İrandan gələn bəyanatlar isə bu nöqtədə daha açıqlayıcıdır və gəldiyimiz nəticəni qüvvətləndirir. Çünki İran verdiyi açıqlamalarda həmişə Ermənistanın sərhədlərinin dəyişdirilməməsini istəyir. Əlbəttə, İran Qarabağı Azərbaycanın suveren sərhədlərinə aid edir və burada söhbət Ermənistan sərhədləri kimi tanınan Zəngəzurdan gedir.
İran da, Qərb və Rusiya da arxivlərini yaxşı oxuyub, həqiqəti öyənib. Başa düşürlər ki, saxta və Azərbaycan xalqının iradəsindən kənar qərarlarla Ermənistana verilən bu ərazilər əvvəl-axır öz sahibləri tərəfindən tələb ediləcək. Nəticəyə gəlmək olar ki, həmin dairələr həmin günün bu gün olduğu qənaətinə gəlib.
Əslində, Azərbaycan tərəfinin də həm ümumi dünyəvi proseslər, həm də tarixi, milli və beynəlxalq hüquqi haqları fonunda bu mümkünsüz deyil. Üstəgəl, Azərbaycan hazırda həm Qərb, həm Rusiya üçün imtina edilməyəcək etibarlı tərəfdaşdır. Türkiyə faktoru isə həm ikili münasibətlər konteksində Rusiya, həm də NATO çərçivəsində Qərblə yaşanacaq təhlükələr ehtimalını azaldır. Ancaq ən əsası, Azərbaycan xalqı Zəngəzuru kiməsə verməyib, ondan zorla alıblar. Bu özü belə Azərbaycanın ədalətli yanaşma konteksində haqlı olmağı üçün yetərli faktdır.
Qarabağ, yoxsa Zəngəzur sualına gəlincə…
Aydın olduğu kimi, Qarabağın bizim olması artıq qəbullanılmış reallıqdır, geriyə Zəngəzur qalıb…