ANAİB l Bakı Kitab Festivalı çərçivəsində MİMTA Yayımları tərəfindən çap edilmiş Əli bəy Hüseynzadənin seçilmiş yazılarının toplandığı “Nicat məhəbbətdədir” kitabının təqdimatı baş tutub.
“Füyuzat”ın məlumatına görə, təqdimat MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlunun moderatorluğu ilə “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunusun oxucularla söhbəti şəklində həyata keçirilib.
Mübariz Yunus ilk olaraq Əli bəy Hüseynzadənin Azərbaycanın ictimai-siyasi fikir tarixində əvəzolunmaz roluna toxunub.
O, əski “Füyuzat” və “Molla Nəsrəddin” jurnalına olan baxış bucağından bəhs edib.
Eyni zamanda, Mübariz Yunus Əli bəy Hüseynzadənin bir şeirini oxuyaraq şeir əsasında fikirlərini oxucularla bölüşüb.
Söhbət əsnasında Əli bəyin tərcüməçilik fəaliyyəti ilə bağlı da müzakirələr aparılıb.
Daha sonra söz Türkiyənin Bakıdakı səfirliyinin kommunikasiya müşaviri Cihangir İşbilirə verilib.
O, bəhsi gedən kitabla bağlı, həmçinin Azərbaycan ziyalıları haqqında təəssüratlarını bölüşüb. Tarixçi Dilqəm Əhməd sözə davam edərək MİMTA Fondu tərəfindən Əli bəy Hüseynzadə ilə bağlı görülən işlər barədə danışıb.
Sonda Mübariz Yunus “Nicat məhəbbətdədir” kitabının ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkürlərini bildirib.