Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Üzeyir Hacıbəyli təqdimat zonasında dahi Azərbaycan şairi və Türk dünyasının mütəfəkkiri Nizami Gəncəvinin orijinaldan Türkiyə türkcəsinə tərcümə və nəşr olunmuş “Xəmsə”dən “Sirlər xəzinəsi” və “İsgəndərnamə” əsərlərinin təqdimat mərasimi keçirilib.
“Füyuzat“ın AZƏRTAC-a istinadən məlumatına görə, “Xəmsə”nin orijinaldan türk dilinə tərcüməsi və nəşri ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə reallaşdırılır.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvinin zəngin irsindən, dünya ədəbiyyatına təsirindən, Azərbaycan və Türk dünyası mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıb. S.Abbasov bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri barədə də məlumat verib. O, Azərbaycan dövlətinin Nizami irsinin tanıdılmasına mühüm önəm verdiyini, prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin dahi şairin 880 illiyi münasibətilə “Nizami Gəncəvi İli” elan edildiyini bildirib.
Qeyd edək ki, tədbirə moderatorluq edən AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi şairin əsərlərindən seçmələr təqdim edib, onun şeirlərini səsləndirib.
Tədbirdə Nizami Gəncəvinin əsərlərinin bu gün də aktuallığını qoruduğu, müxtəlif dillərə tərcümə olunaraq dünya oxucularına çatdırılmasının mühüm əhəmiyyət daşıdığı vurğulanıb.



