Xəbərlər

Norveç Ukraynaya 240 milyon avro ayıracaq

Norveç Ukraynanın hava hücumundan müdafiəsi üçün 240 milyon avro ayıracaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

Eyni zamanda, Almaniyanın müdafiə naziri Boris Pistorius iyunun 11-də ölkəsinin Ukraynaya yardımı davam etdirəcəyini, yeni hərbi yardım paketinə snayper tüfəngləri, pilotsuz təyyarələr və Patriot sistemləri üçün raketlərin daxil olacağını bildirib. Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri Almaniya, Danimarka, Hollandiya və Norveçdən ümumilikdə 100 Patriot raketi gözləyir ki, onlardan 32-si artıq çatdırılıb, digərləri isə yaxın həftələrdə göndəriləcək.

Mayın 31-də Norveçin baş naziri Qar Stör Stokholmda Nordic sammiti zamanı keçirdiyi mətbuat konfransında Kiyev və Oslo arasında 10 il müddətinə ikitərəfli təhlükəsizlik sazişi bağladığını açıqlayıb.

Bundan əlavə, sazişdə qeyd olunur ki, 2023-2027-ci illərdə Kiyevə Oslodan ümumi yardımın həcmi 6,4 milyard avro təşkil edəcək və bu il krallıq Ukraynaya ən azı 1,2 milyard avro ayırmaq niyyətindədir.