Xəbərlər

NYT: Dövlət Departamenti xaricdəki 30-a yaxın səfirlik və konsulluğu bağlaya bilər

ABŞ Dövlət Departamenti xaricdəki 30-a yaxın diplomatik missiyanı bağlamağı nəzərdən keçirir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “New York Times” (NYT) departamentin daxili sənədinə istinadən məlumat yayıb.

“Amerika mediası hələ mart ayında xarici nümayəndəliklərin və orada çalışan personalın planlaşdırılan ixtisarı barədə məlumat vermişdi, lakin o vaxt söhbət yalnız on konsulluğun bağlanmasından gedirdi”, – məlumatda bildirilib.

Qəzetin yazdığına görə, bağlanması planlaşdırılan diplomatik nümayəndəliklərin əksəriyyəti Avropa və Afrikada yerləşir. Bunlar Malta, Lüksemburq, Lesoto, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Eritreya, Qambiya, Maldiv Respublikası və Qrenadadır. Bu ölkələrin hamısı öz səfirliklərini bağlaya bilər. Sənəddə həmçinin Somalidəki səfirliyin və Bağdaddakı Diplomatik Dəstək Mərkəzinin ya tamamilə bağlanması, ya da heyətin əhəmiyyətli dərəcədə ixtisar edilməsi təklif edilir.

İxtisar üçün tövsiyə edilən konsulluqların əksəriyyəti Avropada yerləşir: beşi Fransada (Bordo, Lion, Marsel, Renn, Strasburq), ikisi Almaniyada (Düsseldorf, Leypsiq), ikisi Bosniya və Herseqovinada (Mostar və Banya Luka). Yunanıstan, İtaliya, Portuqaliya, Böyük Britaniya, Kamerun, İndoneziya, Cənubi Afrika Respublikası və Koreya Respublikasındakı konsulluqlar bir-bir bağlana bilər.