ABŞ dövlət katibi Marko Rubio Ukrayna prezidenti Volodimir Zelenskinin Krımla bağlı bəyanatından sonra Ukraynada sülh danışıqları ilə bağlı görüşdə iştirak etmək üçün planlaşdırılan London səfərini ləğv edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” məlumat yayıb.
Verilən məlumata görə, aprelin 23-də Londonda keçiriləcək görüşdə təqdim edilməsi planlaşdırılan Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun əsas təkliflərindən biri Kiyevin Krımı Rusiya ərazisi kimi tanımasıdır. Ukrayna prezidenti çərşənbə axşamı jurnalistlərə bu variantı qəbul etmədiyini söylədikdən sonra Rubionun səfəri ləğv edilib.
Bundan əlavə, ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun Londondakı görüşə gelib-gəlməyəcəyi də hələ qeyri-müəyyən olaraq qalır. Hələlik yalnız ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun iştirakı təsdiqlənib.



