Qazaxıstanın Türküstan şəhəri yaxınlığında Oğuz türklərinə aid olduğu müəyyən edilən IX-X əsrə aid Kültöbə kitabəsi aşkar edilib. Bu tapıntı oğuzların yazı mədəniyyəti və siyasi tarixi ilə bağlı mövcud elmi yanaşmaların nəzərdən keçirilməsinə səbəb olub.
Kitabə “Çanaqqala Onsəkkiz Mart” universitetinin müəllimi, dosent Hayrettin İhsan Erkoç tərəfindən Türküstan şəhəri yaxınlığında yerləşən Oranğay kəndində, bir orta məktəbin daxilində fəaliyyət göstərən kiçik muzeydə təsadüfən tapılıb. Aparılan araşdırmalar nəticəsində kitabənin indiyədək elmi mənbələrdə tədqiq olunmadığı müəyyən edilmişdir.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Mütəxəssislər bildiriblər ki, tapıntı oğuzların Səlcuqlular dövründən əvvəl yazıdan istifadə etdiyini sübut edir.
İlkin araşdırmalara əsasən, kitabə IX-X əsrlərə aiddir. Arxeoloji məlumatlar oğuzların bu bölgəyə IX əsrdə gəldiyini, XI əsrin əvvəllərində isə ərazidən köç etdiyini göstərir. Bu fakt kitabənin tarixləndirilməsində əsas meyar kimi qəbul olunub. Mütəxəssislər gələcək elmi analizlərin daha dəqiq nəticələr verəcəyini bildirirlər.
Kitabə yalnız bir sətirdən ibarətdir və oxunuşu olduqca çətindir. Aparılan oxunuş təkliflərinə görə mətndə “hazar kan kul” ifadəsinin yer aldığı ehtimal olunur. Bu ifadə “Xəzər xanının qulu” kimi izah edilir.
İndiyə qədər oğuzların yalnız XIII əsrdən etibarən yazı dili olması ilə bağlı fikirlər mövcud idi. Kültöbə kitabəsi isə bu yanaşmaları yenidən gündəmə gətirib.
Eyni zamanda kitabədə yer alan ifadə Oğuz Yabqusunun Xəzər xaqanlığı ilə siyasi əlaqədə olması ehtimalını gücləndirir. Kitabənin alt hissəsindəki damğa türk mədəniyyət tarixi baxımından xüsusi əhəmiyyət daşıyır.
Araşdırmaçılar bildirirlər ki, bu kitabə 1990-cı illərdə qeyri-qanuni qazıntı zamanı tapılsa da uzun müddət gizli qalıb. Tapıntı Qazaxıstan ərazilərində hələ də araşdırılmağı gözləyən çoxsaylı tarixi abidələrin mövcudluğundan xəbər verir.
Süməyyə Samirqızı



