Öyrənməkdən uzaqlaşdığınız zaman ölməyə başlayarsınız!
A.Eynşteyn
Daim inkişaf edən və dəyişən informasiya cəmiyyətində fərdlər və informasiya arasında körpünü davamlı inkişaf etdirməyə ehtiyac var. Mövcud biliklərin sürətlə dəyişməsi, fərdlərin bu cür məlumatlara çatma ehtiyacının çoxalması onları yeni axtarışlara sövq edir.
Beləliklə, ömürboyu öyrənmə bir tələbat halına çevrilir. Ömürboyu öyrənmə fərdlər üçün ömürboyu fasiləsiz öyrənmə imkanı kimi qəbul edilir və davamlı təhsil, peşə təhsili, həmçinin qeyri-formal təhsil, asudə vaxtın qiymətləndirilməsi kimi anlayışların yerində istifadə olunur.
Bəşəriyyət üçün bilgi əvəzolunmaz ehtiyac, inkişaf isə zəruri prosesdir. Hələ on dörd əsr bundan əvvəl Həzrət Peyğəmbərimiz “Beşikdən qəbr evinə qədər öyrənin” demişdir. Əsrlər öncə deyilmiş bu sözlər texnologiyanın, elmin sürətlə inkişafı fonunda bu günədək öz aktuallığını qoruyub saxlamışdır.
Müasir dünyamızda elmin sürətlə inkişafı insanların onunla ayaqlaşmasını tələb edir. Bu münasibətdə insanların bilgini izləyə bilmədiyi bir hal yaşanarsa, ortaya ciddi problemlər çıxar. Çünki dünya durmadan inkişaf edir, bu inkişafın fonunda isə oturanların sürətlə qaçanlara hakim olması mümkün deyil.
Ömürboyu öyrənmə bu günün və gələcəyin əsas bacarığıdır. Dünyamızda gedən inkişaf prosesindən, sənayenin, elmin müxtəlif sahələrində olan yeniliklərdən geri qalmamaq üçün insan davamlı öz üzərində işləməli, yeni biliklər əldə etməlidir. Daim özünə tələbkar yanaşan, yeni biliklərə yiyələnən hər bir fərd zamanın tələbinə cavab verəcək, gələcəyin qurucusu ola biləcəkdir. Ömürboyu təhsil və ya digər adı ilə desək, LLL (Lifelong Learning) artıq bir reallıq olaraq dövrümüzün tələbidir.
Təhsil əsrinin insanı nəinki öz ixtisasını mükəmməl bilməli, yeni texnologiyaları tanımalı, onlarla işləməyi öyrənməli, xarici dil bilgilərinə yiyələnməlidir. Bu reallıqdan yola çıxaraq davamlı təhsil anlayışı üzərində işləmək dövlətlərin təhsil strategiyasının əsas predmeti halına gəlməlidir.
Ömürboyu təhsil anlayışına Eduard Lindemanın hələ 100 il əvvəl, 1926-cı ildə ABŞ-da nəşr olunmuş “Yaşlılar üçün təhsilin əhəmiyyəti” əsərində rast gəlinmişdir. Bu anlayışın önəmi indi ortaya çıxır. Belə ki, amerikalı futuroloq Alvin Toffler bunu nəzərə alaraq deyir: “XXI əsrdə savadsız insanlar oxuyub yaza bilməyənlər deyil, öyrənə bilməyənlər, öyrənə bilməyənlər və yenidən öyrənə bilməyənlər olacaqlar”.
Bu gün təhsil sosial, mədəni və elmi funksiyaları ilə yanaşı, ixtisaslı işçi qüvvəsinin yetişdirilməsi, qlobal və iqtisadi inkişafa töhfə verən yönləri ilə ön plandadır.
Müasir dünyada gedən inkişaf prosesi fərdlərdə mövcud qabiliyyət və bacarıqların sürətlə köhnəlməsinə səbəb olur və yenilənmə ehtiyacını ortaya çıxarır. Fərdlər daim dəyişən əmək bazarında öz mövqelərini qoruyub saxlamaq üçün bəzi tələblərlə üz-üzə qalırlar.
1999-cu ildə Boloniya sistemi dövlət orqanlarını, təhsil müəssisələrini, müəllimləri və tələbələri, eləcə də işəgötürənlər kimi digər maraqlı tərəfləri bir araya gətirməklə Avropa məkanında təhsilin ali səviyyəsində daimi təhsil mexanizminin həyata keçirilməsinə əhəmiyyətli töhfə verdi. Sistemdə həmin mexanizm tələbələrin ali təhsildə iştirakı və Avropa ali təhsilinin cəlbediciliyinin artırılması kimi məsələlərə diqqət yetirilib. Bu prosesdə universitetlərin tələbə mərkəzli ömürboyu təhsil modelinin hazırlanması və dəstəklənməsi baxımından böyük məsuliyyət daşıma reallığından yola çıxaraq onların ali təhsil müddətində daimi öyrənmənin həyata keçirilməsinə necə töhfə verməli olduqları vurğulanırdı. Universitet təhsili tələbələrə fərdi seçim azadlığı və sözün hər iki mənasında öyrənmə-araşdırma adlı bir meydan açır. Əsas diqqət ömürboyu öyrənmə bacarıqlarını sərbəst əldə etməyi asanlaşdırması və öyrənməyə təşviq edən proqramların hazırlanması zərurəti üzərindədir.
Mövcud bilik və bacarıqların təkmilləşdirilməsi məqsədilə həyata keçirilən “Ömürboyu təhsil” anlayışı dünyada baş verən yenilənmənin, davamlı inkişafın nəticəsidir. Bu proses təhsil həyatımızın əvvəlindən sonuna qədər davam edir. Ömürboyu öyrənmə mexanizmi formal təhsilin gətirdiyi yaş və məkan məhdudiyyətindən asılı olmayaraq fərdin təhsil yolu ilə əldə etdiyi hər cür bilik, bacarıq, münasibət və davranışları əhatə edir.
Ömürboyu təhsil məktəbdə, işdə, evdə, bir sözlə, cəmiyyətin bütün sahələrində özünü göstərir. Belə təhsil almaq üçün yaş, sosial status və ya təhsil səviyyəsi kimi heç bir məhdudiyyət yoxdur. Bu səbəblə həm fərdlərin, həm də cəmiyyətin ömürboyu öyrənməsi onların peşə və sosial uğurunu təmin edəcək məlumat və biliklər kimi başa düşülməlidir.
Bu təhsilin mexanizminin təhsillə bağlı digər anlayışlardan fərqi ondan ibarətdir ki, o, fərdi mərkəzli yanaşmaya malikdir, məktəbdənkənar təlimə önəm verir, məktəbin hazırkı rolunu dəyişdirir, dövlətin təhsil sistemində çəkisini azaldır və təhsilin bütün sahələrinin inkişafında mühüm rol oynayır. Bu üsulla öyrənmə insanlara və biliyə qoyulan sərmayəni artırır və fərdin həyatını davam etdirmək üçün zəruri olan əsas keyfiyyətlərə yiyələnməsinə kömək edir.
Bu gün qabaqcıl təhsil sistemlərinin xüsusi önəm verdiyi ömürboyu öyrənmə insanlara keyfiyyətli təhsil almaq üçün bərabər imkanlar yaradan, onların ehtiyaclarını nəzərə alan, həmçinin sürətlə dəyişən biznes və peşə tələblərinə uyğunlaşmanı təmin edən prosesdir. Burada müasir dövrün bütün sahələrində insan kapitalının inkişafını və iştirakını təmin etmək prioritet olaraq görülür.
Dünya İqtisadi Forumunun (WEF) proqnozuna görə 2022-ci ilə qədər texnologiya və innovasiyanın inkişafı hesabına dünyada 75 milyon insan işini itirmiş olacaq. Son dövrlərdə iş tələblərinin kökündən dəyişdiyinin şahidi oluruq. Bu da iş yerlərinin faktiki yoxa çıxmasından xəbər verir. Bir zamanlar insanlar üçün karyera planlaması çox da çətin bir iş deyildi. Amma indi bunun tam əksini görürük. Çünki artıq peşələrin köhnəlməsi kimi bir reallıqla üz-üzəyik. Bu gün dünyanın ən yaxşı universitetlərində auditoriyalarda oxunan mühazirələrin məzun olduqdan sonra heç bir əhəmiyyətinin qalmadığının şahidi oluruq ki, bu da fərdin öz inkişafının, yəni davamlı təhsilinin zəruriliyini qaçılmaz edir.
Alimlərin gəldiyi qənaət bundan ibarətdir ki, insanın yiyələndiyi biliklə həyatını tamamlaya biləcəyi fikri getdikcə öz əhəmiyyətini itirir. Təhsil təkcə fərdin öz ehtiyaclarına cavab verməyən xarici tələbat haqqında məlumat əldə etməsi deyil, həm də şəxsiyyətin inkişaf prosesində əldə etdiyi təcrübələr və özünü dərk etməsi nəticəsində həqiqi mənaya çata bilməsi reallığıdır. Bu səbəbdən indiki təhsil sisteminin iki əsas vəzifəsi var: 1) fərdlərə həyatı boyu qarşılaşacaqları təkliflərin öhdəsindən gələ biləcək strukturlar və metodlar yaratmaq; 2) hər bir fərdi zəruri öyrənmə ilə təchiz etmək və öz inkişafının həm obyekti, həm də subyekti ola bilməyinə şərait yaratmaq.
İnsanın davamlı olaraq öyrənməyə ehtiyacı var və ömürboyu öyrənmə bütün həyatımız boyu davam edəcək bir prosesdir. Fərdlər öz karyeralarını və şəxsi inkişaflarını formalaşdırmaq üçün daim öyrənmə fəaliyyətlərini idarə etməlidirlər. Ömürboyu təhsil formal, qeyri-formal öyrənmə fəaliyyətlərinin məcmusudur. Formal təlim təhsil müəssisələrində planlaşdırılır, təşkil edilir, strukturlaşdırılır və həyata keçirilir. Qeyri-formal təlim fəaliyyətləri müəyyən bacarıq və ixtisaslar əldə etmək məqsədi daşıyır. Digər tərəfdən qeyri-rəsmi öyrənmə gündəlik həyatda təsadüfi, planlaşdırılmamış öyrənmə hadisələridir və xüsusilə təcrübə ilə əldə edilir. Ömürboyu öyrənən olmaq üçün insanlar öz qabiliyyətlərini və ixtisaslarını inkişaf etdirməlidirlər.
Belə təhsil formal yeni müasir texnologiyalarla dəstəklənməlidir. Bu vasitələrlə öyrənən üçün hədəflər asanlaşır. Müxtəlif ölkələrdə ömürboyu öyrənmə fəaliyyətləri və düşüncə tərzi fərqlidir. Müasir dövrümüzdə hər bir ölkənin təhsil sistemi üçün əsas konsepsiya olduğunu nəzərə alaraq ömürboyu öyrənməni zəruri şəkildə aktuallaşdırmaq lazımdır.