Xəbərlər

Orban: Qərb Ukraynanın nüvə silahı yaratmaq imkanlarını araşdırır

“Qərb kəşfiyyat orqanları Ukraynanın həqiqətən də nüvə silahı yarada bilib-bilməyəcəyini müəyyən etməyə çalışır”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

Ukraynanın nüvə silahı istehsal etmək imkanlarına malik olması ilə bağlı Kiyevdən yayılan xəbərlərə münasibət bildirən Orban deyib: “Kəşfiyyat xidmətləri Ukraynanın həqiqətən də nüvə silahı yaratmaq strategiyasına malik olub-olmadığını öyrənməyə çalışır”.

Orban həmçinin qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə 2024-cü ilin iyulunda Kiyevdə keçirdiyi son görüşündə ondan nüvə silahı ilə bağlı hər hansı plan barədə nəsə eşitməyib: “Ola bilsin ki, tərcümə ilə bağlı problemlər olub. Amma mənə elə gəlmirdi ki, ukraynalılar nüvə dövləti olmaq istəyirlər, lakin bu ehtimal qorxuludur. Ukraynanın bu cür mövcud və ya mövcud olmayan planı yeni çaxnaşma dalğasına səbəb ola bilər. Bütün Avropada hər kəs hiss edir ki, Avropada müharibə artıq qapının astanasındadır, buna görə də bu məsələyə mütləq aydınlıq gətirilməlidir”.

Qeyd edək ki, Zelenski oktyabrın 17-də NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib ki, Ukrayna hakimiyyəti nüvə silahı yaratmaq niyyətində deyil.

Daha əvvəl “Bild” qəzeti mənbələrinə istinadən yazıb ki, Ukrayna rəhbərliyi nüvə silahı ehtiyatlarının bərpası imkanlarını ciddi şəkildə nəzərdən keçirir. Qeyd edilib ki, müəyyən bir ukraynalı mənbənin sözlərinə görə, Kiyevə ilk nüvə bombasını əldə etmək üçün cəmi bir neçə həftə lazım olacaq.