Uzun illərdən sonra “Mən bir susmaz duyğuyam ki…” sədası ilə könüllərə yol tapan Cəfər Cabbarlının qələminin ruhu yenidən dirçəlir. Bir payız səhəri Xəzərə gələn xəzanı Qızıl xəzələ çevirən qəhrəmanlar dirçəldir bu ruhu. İçində həzin bir hüzn də olsa, bu payız günü göylər ağlamır. Günəş Xəzərin köksündə baş qaldırıb dumanlı dağlara doğru gülümsəyərək, öz qəhrəmanlarını salamlayır. Çünki onun cəsur qəhrəmanlarının göstərdiyi şücaətin önündə ağlamağa ixtiyarı yoxdur. Günəş sadəcə onların müqəddəs ruhu qarşısında qürurlu bir təbəssümlə baş əyə bilər. Axı Qarabağın üzərinə çökən “qara baxtı” yox etdi həmin qəhrəmanlar! Fəqət dumanlı dağların başında günəşin qürurlu təbəssümünün üzərinə düşdüyü qara telləri qar tellərinə dönən lalə yanaqda saf bir damla parıldayır.
O, Vətən sevdalısının cismini tərk etdiyi, ruhunu yaşatdığı torpağa geri dönüb. Daha “Yol ver mənə, gül dərmişəm, sevdiyimçün aparım!” deyə üsyan edib qara buludlarla savaşmır. Çünki İsa bulağı ilə Daşaltı çayı səs-səsə verib, çalxalanıb coşaraq “Fırtınalar dursun yana, salam türkün bayrağına!” nəğməsi ilə onun harayına səs vermişdi. Bu payız Böyük Kirsin örpəyi də onun al yanağından süzülən damlanı gizlətmir. Axı bu dəfə onun bənizində iz salan damlalar sadəcə göz yaşı deyil, solmuş fidana yenidən həyat verən istiqlal boyasıdır.
Zəfər mehi xəfifcə tərpənərək Vətən sevdalısının əmanəti olan məsum çöhrəyə sığal çəkir. Günəşin al şəfəqləri parladıqca qürurla çırpınan sevda dolu qəlbin sinəsindəki bir medalyon göz qamaşdırır. Nədir bu? Bu, Xarı bülbülə yenidən nəfəs verən istiqlal nişanəsidir. Zəfər cəngisini dilində, Vətən eşqini qəlbində daşıyıb türk gözəlinin keşiyində durmuş cəngavərindən qalan istiqlal nişanəsi… Vətən sevdalısına sevdalı olan türk gözəli sinəsinə sancdığı həmin medalyonu bağrına basarkən qeyri-ixtiyari olaraq onun dodaqlarının deyil, qəlbinin pıçıltısı eşidilir:
“Oxu, bülbül, bəlkə, yarım oyansın!..”